Peyvəndlənmənin də səviyyəsinə görə Azərbaycan MDB birincisi oldu - 16 faiz...

Adil Qeybulla: “Kompleks işlər sayəsində Azərbaycan vaksinasiya səviyyəsinə görə MDB-də lider mövqedədir”

img

Artıq bir neçə aydır ki, dünya koronavirus pandemiyası ilə mübarizədə yeni mərhələyə qədəm qoyub. Ötən ilin dekabrından bir çox ölkədə koronavirus infeksiyasına qarşı peyvəndlənmə prosesinə başlanıb. Buna rəğmən, virus hələ də sürətlə yayılmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülleteninə görə, COVID-19 infeksiyasına yoluxma halları artmaqda davam edir.

Tibb mütəxəssisləri koronavirus infeksiyasının bütün ştammlarına qarşı ən effektli qoruyucu mexanizmin vaksinasiya olduğu qənaətindədirlər. Ölkəmizdə COVID-19-a qarşı vaksinasiyaya yanvarın 18-də tibb işçilərinin peyvəndlənməsi ilə start verilib və sürətlə davam etdirilir. Hazırda 2 milyon 586 mindən çox insan peyvənd olunub.

Statistika götərir ki, Azərbaycan peyvəndlənmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqelərdədir. MDB ölkələrində koronavirusa qarşı peyvəndlənmənin səviyyəsi barədə məlumatlara əsasən, regionda buna ilk başlayan ölkələrdən biri olan Azərbaycan həm peyvənd olunma həcminə, həm də ondan istifadə sürətinə görə əksər ölkəni qabaqlayır.

  • “Prezident İlham Əliyev vaksinasiya prosesinin yüksək səviyyədə reallaşması üçün kifayət qədər uğurlu işlər gördü”

Professor, tibbi ekspert Adil Qeybulla bildirdi ki, virusun geniş yayılmasının qarşısının alınması və insanların xəstəliyin ağır gedişindən qorunması üçün effektiv üsul peyvənddir. Vaksinin əsas üstünlüyü odur ki, COVID-19-a yoluxan zaman xəstə reanimasiyaya düşmür, yəni ağırlaşma halları gözlənilmir: “Nəzərə alınmalıdır ki, yoluxma sayının və virusdan ölüm hallarının azalması, eləcə də xəstəliyi daha yüngül keçirmək üçün vaksinasiya mütləqdir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycan kompleks və sistemli tədbirlər sayəsində bu cür nəticəyə nail olub: “Məsələ ondadır ki, pandemiya başlayandan Azərbaycan bunun qarşısının alınması ilə bağlı bir sıra qabaqlayıcı tədbirlər gördü. Həmçinin, vəziyyətə uyğun olaraq, çevik qərarlar qəbul edildi. Maska və digər lazımi ləvazimatların istehsalı ölkə daxilində təşkil edildi. Modul tipli xəstəxanalar yaradıldı. Bütün bunlarla paralel, ölkədə vaksinasiya işinə hazırlıqlara start verildi. Prezident İlham Əliyev vaksinasiya prosesinin yüksək səviyyədə reallaşması üçün kifayət qədər uğurlu işlər gördü. Ölkənin vaksin preparatları ilə təmin olunmasını gündəmə gətirdi. Bir sıra beynəlxalq tədbirlərdə vaksinlərin bərabər bölüşdürülməsi ilə bağlı Azərbaycan real təşəbbüskarlıq göstərdi. Düşünürəm ki, bütün bu kompleks işlər sayəsində Azərbaycan vaksinasiya səviyyəsinə görə MDB-də lider mövqedədir. Nə qədər çox sayda ölkə vətəndaşı vaksinasiya edilsə, bu bir o qədər koronavirusun yayılmasının qarşısını alacaq. Ona görə də Azərbaycanın  bununla bağlı uğurlu addımları göz önündədir. Təbii ki, bütün bunlar bilavasitə cənab Prezidentin iradəsi sayəsində mümkün olub. Tibbi sahə, beynəlxalq əlaqələrlə bağlı, eyni zamanda, təchizat və təminat baxımından uğurlu işlərin reallaşması öz bəhrəsini verib”.

Günel CƏLİLOVA

Son xəbərlər