Bakıda Anadolu Universiteti vergi ödəyir, lakin diplomu tanınmır - bu necə ola bilər?

Təhsil Nazirliyi vaxtaşırı saxta diplomlarla bağlı məlumat yaysa da, bu universitetlərə Azərbaycandan tələbə qəbulu davam edir. Adları sadalanan universitetlərdə təhsilini başa vuran məzunlar isə diplomlarının saxta olduğunu ən sonda, ali təhsil haqqında sənədin tanınması üçün müraciət edib rədd cavabl aldıqda anlayırlar.
Diplomu tanınmayan universitetlərdən biri də Anadolu təhsil müəssisəsidir. Qeyd edək ki, adıçəkilən universitetin fəaliyyəti qanunsuz deyil. Belə ki, Anadolu Universiteti rəsmi formada Azərbaycanda Dövlət Vergi Xidmətindən qeydiyyatdan keçib və təhsil xidməti göstərir.
Ancaq, buna baxmayaraq, təhsil müəssisəsinin diplomu tanınmır.
- “Universitetin sənədlərinin Azərbaycanda tanınmamasının səbəbi təhsil formasının distant keçirilməsidir”
Təhsil eksperti Kamran Əsədov bildirdi ki, Bakı şəhərində Anadolu Universiteti adı ilə fəaliyyət göstərən təhsil müəssisəsinin verdiyi diplom, sənəd hüquqi qüvvəyə malik deyil: “Məlumat üçün bildirim ki, bu təhsil müəssisəsinin ölkəmizdə fəaliyyəti ilə bağlı xüsusi razılıq, yəni lisenziya verilməyib. Anadolu Universiteti ali təhsil xidməti göstərmək hüququna malik deyil. Lakin bu o demək deyil ki, o universitetin fəaliyyəti qanunsuzdur. Sözügedən müəssisə Azərbaycanda Dövlət Vergi Xidmətindən rəsmi formada qeydiyyatdan keçib və təhsil xidməti göstərir. Universitetin məzunlarına verilmiş təhsil haqqında sənəd onları hərbi xidmətdən azad etmir, diplomlarla Azərbaycan ərazisində dövlət qurumlarında fəaliyyət icazəsi verilmir, amma özəl şirkətlər Anadolu Universitetinin məzunlarını qəbul edə bilərlər”.
Ekspertin sözlərinə görə, universitetin sənədlərinin Azərbaycanda tanınmamasının səbəbi təhsil formasının distant keçirilməsidir: “Bu təhsilalma forması 2009-cu ilin “Təhsil haqqında” Qanununda öz əksini tapsa da, hələ ki, reallaşmayıb. Anadolu Universitetinə müraciət edən abituriyentlərin valideynləri oradakı təhsil alanların aqibəti ilə maraqlanıb, sonra ora müraciət etsinlər”.
Günel CƏLİLOVA