Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən böyüməkdə olan nəslin keyfiyyətli və təhlükəsiz qida məhsulları ilə təmin olunması, rasional fizioloji qidalanma və qida təhlükəsizliyi sahəsində mövcud qanunvericiliyin icrasına nəzarət məqsədilə yaxın günlərdə Bakı şəhərində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində yoxlamalara başlanacaq. Bu barədə AQTA məlumat yayıb.
Qeyd edilənə görə, məktəbəqədər təhsil müəssisələrində müxtəlif növ yeyinti məhsullarının saxlanmasına, daşınmasına, realizə olunmasına, markalanmasına və qablaşdırılmasına dair tələblərə əməl olunması, minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri, bu göstəriciləri təsdiq edən müşayiətedici sənədlər, həmçinin, ümumilikdə, yeyinti məhsullarının saxlandığı sahələrin sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluq vəziyyəti araşdırılacaq.
AQTA tərəfindən indiyə qədər məktəbəqədər təhsil müəssisələrdə hansısa yoxlamalar aparılıbmı, aparılıbsa, ümumilikdə, nə qədər belə müəssisəni əhatə edib? Araşdırmalar aparılıbsa, hansı çatışmazlıqlar üzə çıxarılıb? Aparılmayıbsa, niyə aparılmayıb?
“Monitorinqlər zamanı uyğunsuzluqlar aşkar edilən uşaq bağçaları ilə bağlı...”
Məsələyə münasibət bildirməsi üçün AQTA-ya sorğu ünvanladıq və AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən sorğumuza cavab olaraq bunlar bildirilib: “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə ünvanladığınız sorğuya cavab olaraq bildirmək istərdik ki, məktəbəqədər yaşlı uşaqların rasional və təhlükəsizlik qaydalarına uyğun qidalanması əhalinin və gələcək nəsillərin sağlamlığının təmin olunmasında strateji əhəmiyyət daşıyır. Bu istiqamətdə uşaq bağçalarının təhlükəsiz qida məhsulları ilə təmin edilməsi və uşaqların sağlam qidalanması çox böyük əhəmiyyət kəsb edir. Bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yerli icra orqanları ilə birlikdə uşaqların düzgün qidalanmasına və təhlükəsiz qida məhsulları ilə təmin edilməsinə nəzarət məqsədilə respublikanın bütün regionlarını əhatə etməklə məktəbəqədər təhsil müəssisələrində indiyədək monitorinqlər aparılıb.
Monitorinqlər zamanı qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri, o cümlədən, qidalanmanın təşkili vəziyyəti yoxlanılıb. Həyata keçirilən monitorinqlər çərçivəsində agentliyin əməkdaşları tərəfindən yeyinti məhsullarının bağçalara tədarük prosesi, onların saxlanması, daşınması, qablaşdırılması və minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərlə təmin edilməsi kimi məsələlər, həmçinin, ümumilikdə, bağçalarda yeyinti məhsullarının hazırlandığı və saxlandığı sahələrin sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluğu yoxlanılıb. Monitorinqlər zamanı uyğunsuzluqlar aşkar edilən uşaq bağçaları ilə bağlı qanunvericiliyə uyğun qaydada tədbirlər görülüb.
Nəzərinizə çatdıraq ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yaxın günlərdə Bakı şəhərində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində yoxlamalara başlanacaq”.
AQTA-nın müvafiq şöbəsindən bildirilir ki, məktəbəqədər təhsil müəssisələrində müxtəlif növ yeyinti məhsullarının saxlanmasına, daşınmasına, realizə olunmasına, markalanmasına və qablaşdırılmasına dair tələblərə əməl olunması, minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri, bu göstəriciləri təsdiq edən müşayiətedici sənədlər, həmçinin, ümumilikdə, yeyinti məhsullarının saxlandığı sahələrin sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluq vəziyyəti araşdırılacaq, yoxlamaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
İradə SARIYEVA