Bakının bəzi qəsəbələrindəki çimərliklər illərdir kanalizasiya sularına bürünüb. Söhbət konkret olaraq Kürdəxanı, Buzovna, Pirşağı və Hövsan çimərliklərindən gedir. Bu problem əsasən Hövsan çimərliyində müşahidə olunur.
Hövsan qəsəbəsi sahilində çirkabın səviyyəsi dözülməz dərəcədə böyükdür. İri borulardan çirkab və tullantı suları təmizlənmədən birbaşa ora tökülür. Həmçinin, saysız-hesabsız plastik butulka da həmin əraziyə yığılaraq xoşagəlməz mənzərənin yaranmasına səbəb olur. Onu da qeyd edək ki, yaxınlıqdakı qəsəbənin kanalizasiya sularının hamısı borularla dənizə tökülür.
Dənizə yaxın ərazidə yaşayanlar bildirirlər ki, yay fəslində üfunət iyindən sahildə qalmaq olmur.
“Hövsanda kanalizasiya suyunun dənizə axması həm dənizin çirklənməsi, həm də insanların sağlamlığı baxımından təhlükəlidir”
Ekologiya üzrə mütəxəssis Sevil Əlizadə bildirdi ki, uzun illərdir Hövsanda dənizə çirkab suların axması haqqında məlumatlar yayılır. Bu məlumatlar əsassız deyil: “Məlumdur ki, həmin ərazidə olan kanalizasiya borusu dənizə axır. Hövsanda dənizə kanalizasiya suyunun axması həm dənizin çirklənməsi, həm də insanların sağlamlığı baxımından təhlükəlidir. Həmçinin, dənizin sahilində sahibkarlıqla məşğul olanlar təmizləyici qurğu quraşdırmadan dənizə çirklənmiş suyu buraxır, eyni zamanda, fərdi satışla məşğul olanlar da müxtəlif məişət tullantılarını dənizə atmaqdan çəkinmirlər. Təbii ki, bu hal qanun pozuntusudur. Dünya ölkələrinin təcrübəsinə nəzər salsaq görərik ki, ekologiyaya vurulan hər hansı bir zərərə görə məsuliyyətin həddi ağır cinayətlərin məsuliyyət həddi ilə demək olar ki, eyni səviyyədədir. Avropa ölkələrində ekoloji cinayətlərə görə tətbiq olunan cərimələrin həcminin yüksək olduğunu bilən vətəndaşlar təbiətə hər hansı bir zərər vurmaqdan, istər-istəməz, çəkinirlər. Yaxşı olar ki, analoji qayda bizim ölkədə də tətbiq olunsun. Danılmaz faktdır ki, bu gün istənilən çimərlikdə istirahət edənlər qidalandıqları məmulatları dəniz sahilində qoyub gedirlər. Məsuliyyətsiz vətəndaşlar əllərində olan hər hansı bir tullantını zibil qabına deyil, dənizə və ya sahilə atmaqdan çəkinmirlər. Bu hal xüsusilə də Hövsan çimərliyində müşahidə olunur. Yaxşı olar ki, çimərlik mövsümü açılana qədər aidiyyəti qurumlar bu məsələ ilə ciddi məşğul olsunlar. Təbiətə və ekologiyaya ziyan vuran istənilən şəxs yerindəcə cəzalandırılarsa, natəmizliklərin qarşısı alınar”.
Günel CƏLİLOVA