Bu ilin ilk 5 ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istehlakçı hüquqlarının pozulması ilə bağlı vətəndaşlar tərəfindən, ümumilikdə, 563 şikayət daxil olub.
Bu dövr ərzində istehlakçılar tərəfindən ən çox şikayət olunan qida məhsullarının satış şəbəkəsi “Araz” supermarketi, ən çox şikayət olunan un və unlu qənnadı məmulatlarının istehsalı və satışı müəssisəsi “Azza” şirniyyat evi, ən çox şikayət olunan ictimai iaşə müəssisəsi isə Sumqayıt şəhəri, 20-ci məhəllə, Gənclik küçəsində fəaliyyət göstərən “Xan Çinar” kafesi olub.
Maraqlıdır, cari ilin ilk 5 ayı ərzində adları çəkilən obyektlərdən nə səbəbdən daha çox şikayət edilib?
“Azza” şirniyyat evində satılan tortların yararlılıq müddəti 36 saatdan artıq deyil, oradan tort alınan zaman...”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, şəbəkə böyük olarsa, həmin obyektdən edilən şikayətlərin sayı da çox olur: “Qeyd olunan müəssisələrdən edilən şikayətlər sırasında qida təhlükəsizliyinin pozulması halı var. Bu ilin 5 ay ərzində AQTA-ya edilən şikayətlər sırasında “Araz” supermarketi, “Azza” şirniyyat evi və “Xan Çinar” kafesi var. “Azza” şirniyyat evi ilə bağlı bildirim ki, orada satılan tortların yararlılıq müddəti 36 saatdan artıq deyil, oradan tort alınan zaman onun keyfiyyəti və təzə olub-olmaması ilə bağlı narazılıqlar yaşanır. Adıçəkilən şirniyyat evində satılan tortlarda yararlılıq müddəti tortun alt hissəsində qeyd olunur. Tort alan şəxs də tortun alt hissəsinə baxa bilmədiyi üçün onun təzə olub-olmamasından xəbərdar olmur. Tortun yararlılıq müddəti həmin məhsulun elə bir yerinə yazılmalıdır ki, istehlakçı onu açan kimi görə bilsin. Standarta uyğun məhsul satılmadığı üçün adıçəkilən şirniyyat evindən narazılıqlar artır.
“Araz” supermarketindən isə şikayətlərin sayının çox olmasının səbəbi onların şəbəkəsinin böyük olmasıdır”.
Günel CƏLİLOVA