Veri Lerik rayonunun ucqar dağ kəndidir. Buranın təbiəti saf, insanları qəlbən geniş, torpağını sevən, Vətənini canından əziz biləndir. Bu dağlar diyarından da istər Birinci Qarabağ, istərsə də 27 sentyabr Vətən müharibəsində haqq savaşımızda 30 illik torpaq həsrətinə öz canı bahasına son qoyan igid oğullar olub.
Kənd sakinləri şəhid övladlarını qəlbində yaşatmaqla onların adlarını həmişə uca tutur. Burada həm də şəhidlərin xatirəsinə abidə kompleksi inşa edilib. Onun açılış mərasimi oldu. Tədbirdə Dövlət Himni səsləndi, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi, kompleksin önünə gül-çiçək düzüldü.
Tədbirdə çıxış edənlər Birinci Qarabağ müharibəsində həlak olmuş Telman Mirzəcan oğlu Kazımov, Balamir Şirməmməd oğlu Məmmədov, Möhübbət Həsən oğlu Məhərrəmov, Valeh Yaqub oğlu Rəhimov, İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Sadiq Nadir oğlu Rəhimovun şərəfli həyat və döyüş yolu barədə geniş məlumat verdilər. Onu da bildirdilər ki, Vətənini özündən əziz tutub, onun üçün canından keçən qəhrəman oğulların həyatı bir məktəb olmaqla həmişə gələn nəsillərə nümunə olacaqdır.
Abidənin ərsəyə gəlməsində daha çox əməyi olan İldırım Sultanov dedi ki, həm də tarixdə yaşayan, tarixi yaşadan igidlərimiz üçün ucalan bu abidə kompleksi bundan sonra bütün kənd camaatın and yeri olacaq. Onlara ehtiram mənəvi dəyərimizdir. Vətəninə, millətinə başucalığı gətirən, şəhidlik zirvəsindən gələcəyə boylanan mərd oğullarla biz qürur duyuruq.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü