Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri rəhbərlikdən narazıdırlar. Müəllimlərin narazılığına səbəb Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində rusdilli qruplara qəbulun ləğv edilməsidir:
“Biz Bakıxanov qəsəbəsi, Mehmandarov 4 ünvanında yerləşən Bakı Dövlət Peşə Təhsil Mərkəzində çalışırıq. Mərkəzdə həm Azərbaycan, həm də rus dilində təhsil tədris olunur. Lakin bu il rəhbərlik növbəti tədris ili üçün rusdilli qruplara qəbulu ləğv etməyə çalışır. Müəllimlər də bu problemdən narazıdırlar. Direktora bu barədə müraciət etsək də, bizə müsbət cavab verilmir. Onu da qeyd edək ki, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin saytında qəbul üçün seçimlərdə Azərbaycan bölməsi qoyulsa da, rus bölməsi yerləşdirilməyib. Bizə isə bildirilir ki, rusdilli qruplara lazımi qədər uşaq yığılmadığı üçün ləğv edirik”.
“Peşə təhsili müəssisələrinin qəbul planları özəl sektor tərəfindən daxil olan tələblər və peşə təhsili müəssisəsinin maddi-texniki bazası...”
Məsələ ilə bağlı Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindən bildirildi ki, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 2021/2022-ci tədris ili üzrə rus bölməsi üçün ixtisas qruplarının tədrisi nəzərdə tutulub: “Ümumilikdə, peşə təhsili müəssisələrinin qəbul planları özəl sektor tərəfindən daxil olan tələblər, peşə təhsili müəssisəsinin maddi-texniki bazası və tədrisi aparan müəllim heyətinin kvalifikasiyası nəzərə alınmaqla planlaşdırılır və müvafiq dövlət qurumları tərəfindən təsdiqlənir. 2021/2022-ci tədris ili üzrə qəbul planına dair ətraflı məlumatların cari ilin avqustunda geniş şəkildə ictimaiyyətə paylaşılması nəzərdə tutulur”.
Günel CƏLİLOVA