Son illər gənclər arasında energetik içkilərə maraq kəskin artıb. İnsan orqanizmi üçün zərərli olan bu içkilərin satışına hər hansı məhdudiyyətin qoyulmaması bu məhsulu daha da əlçatan edib. Digər tərəfdən, energetik içkilərlə bağlı reklam kampaniyaları yeniyetmələrin, gənclərin bu içki növünə aludəçiliyini daha da gücləndirib. Mövcud vəziyyət isə cəmiyyətdə ciddi narahatlıq doğurur. Elə dövlət qurumları da artıq məlum istiqamətdə həyəcan təbili çalır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin aparat rəhbəri Elxan Mikayılov media nümayəndələrinə açıqlamasında bildirib ki, enerji içkiləri ölüm risqi yaradır: “Enerji içkilərinin insan orqanizminə mənfi təsirləri mövcuddur. Bu, ölüm halları ilə müşahidə olunur. Sırf bu cəhətdən dünyada olduğu kimi, Azərbaycan enerji içkiləri sahəsində tənzimləmə tədbirlərinin həyata keçirilməsinə zərurət yarandı”.
Qeyd edək ki, illərdir enerji içkilərinin zərəri haqqında kütləvi informasiya vasitələrində silsilə materiallar yayımlanıb. Enerji içkilərinin orqanizmə hansı fəsadlar törədə biləcəyi haqqında mütəxəssislər dəfələrlə çağırışlar ediblər. Hətta bu içkilərin satışının dayandırılması haqqında da fikirlər səsləndirilib.
Maraqlıdır, enerji içkilərinin insan orqanizmi üçün təhlükəli olması niyə indi müəyyən edilir? Qeyd etdiyimiz kimi, bu günə qədər mütəxəssislər adıçəkilən içkinin zərərli olması haqqında fikir bildirsələr də, rəsmi qurumlar heç bir reaksiya vermirdilər.
“Enerji içkilərinin insan sağlamlığına zərəri haqqında xarici mütəxəssislərlə yanaşı, yerli ekspertlər də dəfələrlə fikir bildiriblər, ancaq...”
Sosial sahə üzrə ekspert Mayis Əliyev bildirdi ki, enerji içkilərinin 18 yaşına çatmayan şəxslərə satışı qadağandır: “Lakin, əksər halda, qəbul olunmuş qanunların əksinə olaraq, həddi-buluğa çatmamış insanlara enerji içkilərinin satışı davam edir. Enerji içkilərinin insan sağlamlığına zərəri haqqında xarici mütəxəssislərlə yanaşı, yerli ekspertlər də dəfələrlə fikir bildiriblər. Hər kəs bu içkilərin zərəri haqqında, demək olar ki, məlumatlıdır. Ancaq bu içkilərin zərəri haqqında fikir bildirilsə də, satışdan yığışdırılmır. AQTA və digər qurumlar insan sağlamlığı üçün təhlükə yaradan bu tip içkilərin satışını nəzarətə götürməlidirlər. İllər öncə bu sahə nəzarətə götürülməli idi. AQTA nümayəndəsinin gec də olsa belə bir açıqlama ilə çıxış etməsi problemin həll olunmasına işarə edir”.
Günel CƏLİLOVA