Havalar isinməyə başladıqda bağ evi olmayan Bakı sakinləri yay fəslini keçirmək üçün paytaxt ətrafında dənizə yaxın yerlərdə bağ evi kirayələmək üçün axtarışlara başlayırlar. Artıq ikinci ildir pandemiya ilə əlaqədar insanların əksəriyyəti xarici ölkələrə gedə bilmədiyi üçün kirayə bağ evlərinə tələbatın daha da artması müşahidə olunur. Nəticədə kirayə haqqı da bahalaşır.
Qeyd etdiyimiz kimi, havaların isinməsi ilə bağ evlərinin kirayə qiyməti qalxıb. Hətta bağ evlərinin aylıq kirayə qiyməti 15000-20000-dir.
“...pandemiya ilə əlaqəlidir”
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirdi ki, mövsümlə əlaqədar hər il bu tendensiya artan xətt üzrə davam edir: “Əvvəlki illərdən fərqli olaraq, vəziyyət bir qədər müsbətə doğru dəyişməkdədir. Pandemiya ilə əlaqədar ötən il regionlara çıxış bağlandığı üçün Bakı və Abşeron ərazisindəki bağ evlərinə tələb kəskin şəkildə artdı və bu, qiymətlərin yüksəlməsinə səbəb oldu. Bu il tələbin bir qədər aşağı olması qiymət artımının ötən illə müqayisədə daha az müşahidə edilməsinə gətirib çıxarır. Əvvəlki illərdə bazara aylıq min manata təklif olunan bağ evi 2020-ci ildə 3-4 min manat idisə, hazırda bu qiymətlər 1500-2000 manat arasında dəyişir. Elə bağ evləri var ki, qiymətləri bəzi hallarda 10 000 manata qədər artır. Hətta aylığı 15-20 minə təklif olunan bağ evlərinə də rast gəlinir".
Ekspert onu da vurğuladı ki, bu il də bağ evlərinin kirayə qiymətində bahalaşma müşahidə olunur. Son iki ildə bağ evlərinin kirayə qiymətlərinin bahalaşmasının aktivləşməsi, daha da sürətlənməsi pandemiya ilə əlaqəlidir. Bakı və Abşeron ərazisində yaşayan insanların əksəriyyətinin xarici ölkələrə getmək imkanları məhdudlaşdırılıb. Onların əksəriyyəti istirahət üçün bağ evlərinə üstünlük verir. Buna görə də bu məsələ tələbi artırır. Tələb artdıqca, qiymətlərə təsir göstərir.
Günel CƏLİLOVA