Rusiyada xarici işçilərdən rus dilini, ölkənin tarixini və qanunvericiliyinin əsaslarını bilmək tələb olunacaq. Bu sahələrdə minimum bilik səviyyəsinə dair tələblər Rusiya hökumətinin müvafiq fərmanı ilə təsdiqlənib.
Belə ki, miqrantlar sosial-məişət və bəzi peşə mövzularında rus dilində sərbəst danışmalıdırlar. Bu, xüsusilə, işə qəbulda, xəstəxanalara və polisə müraciət zamanı tələb olunur. Xarici işçilər, həmçinin, lazımi sənədləri və ərizələri doldura bilməlidirlər. Rusiya tarixi imtahanında xarici işçilərin əsas hadisələr, iri şəhərlərin adları və dövlət bayramları barədə bilikləri də yoxlanılır. Bundan əlavə, onlar ölkədə olduqları müddətdə özlərinin əsas hüquqları, azadlıqları və vəzifələri ilə tanış olmalıdırlar.
Məlumdur ki, Rusiyada 120 mindən çox azərbaycanlı çalışır. Bu qərar Rusiyada işləyən həmvətənlərimizin sayına necə təsir edəcək?
“Rusiyada xarici işçilərdən rus dilini, ölkənin tarixini və qanunvericiliyinin əsaslarını bilmək tələb olunması...”
İqtisadçı-ekspert Natiq Cəfərli qeyd etdi ki, Rusiyada yaşayan soydaşlarımıza qarşı hər zaman sərt tədbirlər tətbiq olunub: “Tətbiq olunan yeni qərar Rusiyada yaşayan miqrantlara imtahan şəklində olacaq. Rusiyada yaşamaq, vətəndaşlıq almaq və ya müvəqqəti qeydiyyat almaq istəyən azərbaycanlılar da belə bir imtahan verməli olacaqlar. O da məlumdur ki, Rusiyada 120 minə yaxın azərbaycanlı qeyri-leqal formada yaşayır. Həmin şəxslərin Rusiyadan çıxarılması ilə bağlı qərar var. Bu qərardan sonra bir qrup soydaşımız geri qayıdacaq”.
Həmsöhbətimiz hesab edir ki, Rusiyada xarici işçilərdən rus dilini, ölkənin tarixini və qanunvericiliyinin əsaslarını bilmək tələb olunması həmin ölkədə yaşayan soydaşlarımızın bir hissəsinin ölkəyə qayıtması və ya qaytarılmasına əsas yarada bilər. Buna hazır olmaq lazımdır: “Bu da ölkədəki əmək bazarında müəyyən gərginliyin yaranmasına səbəb olacaq. İşsizliklə bağlı problem daha da böyüyə bilər”.
Günel CƏLİLOVA