Avtobuslarda kondisionerlərin aktivləşdirilməsi ilə bağlı rəsmi göstərişin verilməsinə baxmayaraq, bəzi marşrut avtobuslarında kondisioner hələ də işləmir. Havaların isindiyi bir vaxtda, xüsusilə də insanların avtobusdan daha çox istifadə etdikləri pik saatlarda yaşanan sıxlıq sərnişinlərin narazılığına səbəb olur.
Qeyd edək ki, 31 maydan etibarən avtobuslarda kondisionerlərin aktivləşdirilməsi ilə bağlı rəsmi göstəriş verilib. Buna baxmayaraq, hələ də bəzi avtobuslarda kondisionerlər xarab olur və bu da xüsusilə pik saatlarda həddən artıq sıxlıq olan avtobuslarda sərnişinlərin ciddi narazılığına gətirib çıxarır.
Mais Ağayev: “Problemin həll olunması ilə bağlı göstəriş verilib”
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, o məsələdən xəbərdardır: “Problemin həll olunması ilə bağlı göstəriş verilib. Bəzi avtobuslarda belə hal var. Bu da əsasən texniki məsələdir. Bunun aradan qaldırılması üçün müvafiq qaydada daşıyıcılara göstəriş verilib.
Mayis Əliyev: “Avtobuslarda kondisioner sistemi olsa da, onları işlək vəziyyətdə saxlamırlar”
Sosial sahə üzrə ekspert Mayis Əliyev qeyd etdi ki, köhnə avtobuslar zəruri avadanlıqlarla təchiz edilməlidir: “Məsələn, kondisioner, qışda isitmə sistemilə. Çox zaman daşıyıcı şirkətlər bu tövsiyələrə elə də əhəmiyyət vermirlər. Nəticə etibarilə bu gün bizim yollarda hələ ki, həmin tələblərə cavab verməyən sərnişindaşıma xidmətlərini həyata keçirən avtobusların olduğunu görürük. Bəzi şirkətlər məsrəflərə qənaət etmək üçün soyutma sistemini işə salmırlar. Avtobuslarda kondisioner sistemi olsa da, onları işlək vəziyyətdə saxlamırlar. Yalnız əhali narazı olduğu təqdirdə o sistem işə salınır. Bu, xoşagələn hal deyil. İstənilən halda, bu gün kimsə məsrəflərdən yayınırsa, o, əhalinin kəskin narazılığına səbəb olur, bu da sonradan onları daha ağır nəticələrə gətirib çıxara bilər”.
Günel CƏLİLOVA