Azərbaycan tarixinin ən ziddiyyətli, ən çox saxtalaşmaya məruz qalan dövrlərindən biri sovet dövrü tarixidir. Bu dövrün yenidən tədqiqi, bu dövrə aid yeni əsərlərin yazılması, əvvəlki dövrlərdə olduğu kimi, bu gün də aktual olaraq qalır.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Mətbuat Xidmətindən “Bakı Xəbər”ə bildirildiyinə görə, bu yaxınlarda uzun illər sovet dövrünün yenidən tədqiqinin nəticəsi olaraq “ İkinci Respublikanın tarixi (1920-1991)” monoqrafiyası işıq üzü görüb. 310 səhifədən ibarət monoqrafiyanın müəllifi ATMU-nun professoru , AVCİYA-nın I vitse-prezidenti Məhərrəm Zülfüqarlıdır. Kitabın elmi redaktoru AMEA-nın Tarix İnstitutunun direktoru professor, Dövlət Mükafatı Laureatı Kərim Şükürov, rəy verən BDU-nun professoru Fazil Baxşəliyevdir.
Monoqrafiyada sovet dövrünə aid mənbələrə, zəngin tarixşünaslığa, həmçinin mövzuya aid son illər yazılmış əsərlərə istinad edilir. Kitab ali təhsilin bakalavr, magistratura, doktorantura pillələrində təhsil alan şəxslər üçün nəzərdə tutulub. Bundan başqa, kitabdan sovet dövrü ilə maraqlanan geniş oxucu kütləsi də yararlana bilər.