Bir qrup vətəndaş "AAAF İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinin 7 ilə yaxındır ki, mənzilləri təhvil vermədiyini iddia edir. Sakinlər bildirirlər ki, onlar sözügedən şirkətlə 7 il əvvəl mənzil alqı-satqısına dair müqavilə bağlayıblar.
Bu müddət ərzində onlara hələ də mülkləri təhvil verilməyib. Sakinlər qeyd edirlər ki, onların bir qismi mənzilin tam dəyərini, bəziləri isə müəyyən hissəsini ödəyib: “AAAF İnşaat" MMC öz öhdəliklərinə səhlənkar yanaşıb və 19, 28, 29 saylı küçələrdə yerləşən çoxmərtəbəli binaların tikintisini başa çatdırmayıb”.
Şikayətçilər onu da bildirirlər ki, onlar 7 il keçməsinə baxmayaraq, mənzilə sahib olmayıblar. Bu səbəbdən də onlar mənzili yox, etdikləri ödənişi geri almaq istəyirlər. Hətta bununla bağlı məhkəməyə müraciət də edilib.
Qeyd edək ki, bir neçə ay öncə “AAAF İnşaat"dan mənzil alan, lakin hələ də mənzilə sahib olmayanlar etiraz aksiyası keçirmişdilər. O zaman da şikayətçilər eyni tələblə çıxış etmişdilər. Şikayətçilər bildirirdilər ki, camaat evsiz-eşiksiz qalıb: “Burada xanımlar var ki, yoldaşı yoxdur, 2-3 uşaqla qalıb küçələrdə. 200-300 manat kirayə pulu ödəyirlər”.
“AAAF Park Holdinq” - Kənan Məstliyev: “Biz qəbul edirik ki, ötən illərdə gecikmələr olub, bunun da müxtəlif, obyektiv və subyektiv səbəbləri olub, ancaq indi tikinti…”
Məsələ ilə bağlı “AAAF Park Holdinq” MMC-nin mətbuat xidmətinin rəhbəri Kənan Məstliyev bildirdi ki, mənzillərin təhvil verilməsi zamanı gecikmələr yaşanıb: “Biz qəbul edirik ki, ötən illərdə gecikmələr olub. Bunun da müxtəlif, obyektiv və subyektiv səbəbləri olub. Tikinti hazırda sürətlənib və dayanma yoxdur”.
Son olaraq bildirək ki, “AAAF Park” yaşayış kompleksindən mənzil alan vətəndaşların 7 ildir binanın tam hazır olmamasından dolayı narazılıqları davam edir. Mənzil sahibi olmaq üçün pul ödəyiblər, lakin 7 ildir kirayədə yaşayırlar.
Günel CƏLİLOVA