Cənub bölgəsində müxtəlif xəstəxanalarda çalışan həkimlər onların maaşlarından 100 manat kəsilməsindən şikayət edirlər. Həkimlər bildirirlər ki, həmin 100 manatı məhz TƏBİB həkimlərin maaşından kəsib. Belə ki, onlara verilən əməkhaqqından kəsilən pulun TƏBİB tərəfindən tutulduğu deyilib.
Həkimlər maaşlarının kəsilməsindən narazıdırlar. Onlar bildirirlər ki, əməkhaqlarından 100 manat dəyərində məvacibin kəsilməsi ailə büdcələrinə mənfi təsir edir.
TƏBİB - Elnarə Baxış: “TƏBİB maaş vermir, TƏBİB xəstəxanalarda müalicə işi ilə məşğuldur”
Həkimlərin iddiası ilə bağlı TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış bildirdi ki, maliyyə məsələsi onların məşğul olduğu işə aid deyil: “TƏBİB maaş vermir, TƏBİB xəstəxanalarda müalicə işi ilə məşğuldur. Maliyyə işi ilə bağlı aidiyyəti qurumlara müraciət edin”.
Adil Qeybulla: “Ayrılan vəsait çox azdır, amma bütün bu vəsaitin şəffaf xərclənməsi, ictimai nəzarətin olması son dərəcə mühümdür”
Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, icbari tibbi sığorta ilə bağlı ilk vaxtlar müəyyən problemlərin olması normaldır: “Ola bilər ki, bir sıra məsələlər həllini tapmasın, çətinliklər olsun. Əsas məsələ maliyyələşmə prosesinin düzgün qurulmasındadır. Məsələn, ayrılan vəsait təbii ki, çox azdır. Amma bütün bu vəsaitin şəffaf xərclənməsi, ictimai nəzarətin olması son dərəcə mühümdür. Mənimsəmələr, əyriliklər olmamalıdır, cəlb olunan tibb işçiləri də işin keyfiyyətində maraqlı olmalıdırlar. İndi elə dövrdür ki, həkim sosial sığorta ilə sosial statusunu saxlaya bilsə, nəyə görə buradan başqa yerə qaçsın ki? Amma icbari tibbi sığorta hansısa Hippokrat andına, ya da absurd, mücərrəd şeylərə əsaslanıb həkimə təzyiq etsə, bu, nəticəsiz qalacaq. İcbari tibbi sığortada, ilk növbədə, fiksə olunmuş əməkhaqqı tətbiq edilməlidir. Çünki fiksə olunmuş maaş olmasa, mənimsəmələr üçün mühit yaranacaq. Fiksə olunmuş maaş o deməkdir ki, hər şey şəffaf, konkret olur, buna uyğun olaraq da nəzarət gerçəkləşir. Deyirlər ki, kim nə qədər xəstəyə baxsa, o qədər çox maaş alacaq. Demək ki, qəbul şöbəsində yenə bir qrup həkimə daha çox pasient yönləndiriləcək, bir qrup həkim isə kənarda qalacaq. Bu, neqativliyə yol açır və tam yanlış prinsipdir. Heç bir yerdə sığorta ilə bağlı belə bir prinsip yoxdur”.
Günel CƏLİLOVA