Azərbaycan dünyada COVID-19 pandemiyasına qarşı peyvəndləmə prosesinə ən aktiv qoşulan ölkə olaraq vətəndaşların dövlət hesabına pulsuz vaksinləşməsini təmin edir. May ayının 27-nə olan rəsmi məlumata görə, indiyə qədər Azərbaycan əhalisinin 12-i faizi peyvəndlənib. Peyvəndləmə prosesi başlayandan vətəndaşlarımızın bu məsələdə aktiv olduğu gizlin deyil.
Son günlər isə xəstəxanalarda peyvənd növbələrinin yarandığı müşahidə edilir. Demək olar ki, peyvəndlənmə prosesi həyata keçirilən xəstəxanaların çoxunun önündə bu cür növbələr yaranıb. Bu növbələrin yaranması nə ilə bağlıdır?
Mütəxəssislər deyirlər ki, virusdan xilas olmağın yeganə yolu peyvəndlənmədən keçir. Əvvəllər bəzi vətəndaşlar arasında peyvəndlənməyə soyuq yanaşılsa da, bu gün onun əhəmiyyəti dərk edilir və insanlar peyvəndlənməyə maraq göstərirlər.
“Xəstəxanaların qarşısında bu cür növbələrin yaranması düzgün deyil”
Professor Adil Qeybulla “Bakı-Xəbər”ə bildirdi ki, xəstəxanaların qarşısında bu cür növbələrin yaranması müsbət hal deyil, ən azından, yoluxma risqi baxımından. Xəstəxanaların önündə peyvənd növbələrinin kütləvi hal almasının bir neçə səbəbi olduğunu deyən A.Qeybulla hesab edir ki, hər kəs peyvənd pasportu əldə etmək istəyir: “Xəstəxanaların qarşısında bu cür növbələrin yaranması düzgün deyil. Növbələrin azaldılması üçün tədbirlər görülməlidir. Əhali gərək peyvəndlənməyə növbə ilə çağırılsın. Bir də ki, poliklinikaların, xəstəxanaların qarşısındakı növbələri azaltmaq üçün supermarketlərdə, apteklərdə, başqa yerlərdə peyvənd guşələri yaratmaq lazımdır ki, insanlar növbəsiz şəkildə gəlib peyvəndlənə bilsinlər. Bu gün Amerikada, başqa ölkələrdə növbələrin qarşısının alınması üçün bu cür addımlar atılır. Bu sistem dünya təcrübəsinə əsaslanır və bunun konkret nümunələri var. Bizdə də belə təşkil edilməlidir”.
A.Qeybulla qeyd etdi ki, bu növbələrin yaranması həm də iş yerlərinin tələbləri ilə bağlıdır. “Təbii ki, bu gün hamı istəyir ki, peyvənd pasportunu əldə etsin. Yay gəlir, çox adam rayonlara, başqa yerlərə getmək istəyir. Ona görə də vətəndaşlar hesab edirlər ki, vaksin pasportu lazım olar. Digər tərəfdən də vaksinasiya olunmamış insanları bəzi idarələrdə işə buraxmırlar, onlar da işini itirmək istəmirlər və sair” - deyə A.Qeybulla qeyd etdi. Onun sözlərinə görə, bütün hallarda, vətəndaşlar vaksinasiyaya daha ciddi maraq göstərməlidirlər.
İradə SARIYEVA