Son illər Bakıda taksi biznesi sürətlə inkişaf edir. Bu sahənin inkişafı həm qiymətlərin ucuzlaşmasına, həm də müştərilərin rahatlığının təmin edilməsinə müsbət təsir göstərib. Belə ki, şirkətlər bir-birilə rəqabət aparır və əlbəttə ki, müştəri daha ucuz və komfort olan taksi xidmətindən istifadə edir.
Azərbaycanda da ən çox istifadə olunan taksi şirkəti “Uber”dir. “Uber”lə yanaşı, “Bolt”, “Omega” və digər taksi şirkətləri ölkədə fəaliyyət göstərirlər. Hansı taksi şirkətləri daha aşağı qiymət təyin edirsə, sərnişinlər də ondan istifadə edirlər.
Ancaq onu da qeyd edək ki, hər kəsin istifadə etdiyi “Uber” və “Yandeks” şirkətləri arasında biznes sazişi imzalanıb və baş direktor vəzifəsinə erməni Tiqran Xudaverdyan təyin edilib. Sazişə əsasən, "Uber" Rusiya, Ermənistan, Gürcüstan, eləcə də Azərbaycanda fəaliyyət göstərməlidir. Qeyd etdiyimiz kimi, “Uber” taksi şirkətinin hissədarları ermənilərdir. Maraqlıdır, yerli taksi şirkətləri erməni şirkətinin fəaliyyətini niyə məhdudlaşdırmırlar? Azərbaycanın pulu niyə erməni nümayəndəsinin cibinə getməlidir?
“Türkiyədə "Uber” qadağandır, çünki onlar milli şirkətlərinin inkişafını istəyirlər”
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirdi ki, gərək yerli şirkətlər inkişaf edə, xarici şirkətlər səviyyəsində işlərini qura bilsinlər: "Əvvəllər deyilirdi ki, "Uber” köhnə maşınları xidmətə götürmür. Ancaq indi onlar Azərbaycan bazarını çökdürmək məqsədlərinə çatıblar və hər vəziyyətdə olan maşınlardan istifadə edirlər. Türkiyədə "Uber” qadağandır, çünki onlar milli şirkətlərinin inkişafını istəyirlər. Bizim yerli şirkətlərimiz bu xarici şirkətlərdən qat-qat yaxşı fəaliyyət göstərə bilər.
"Uber”dən başqa, digər şirkətlərin rəsmi qeydiyyatı yoxdur və onların fəaliyyəti ilə bağlı müəmmalı məsələlər var. Bu məsələyə hüquq-mühafizə orqanları səviyyəsində baxılmalıdır və doğrudan da onların fəaliyyətində hüquqi əsas yoxdursa, bu şirkətlərin fəaliyyəti dayandırılmalıdır”.
Günel CƏLİLOVA