Bir neçə gün öncə Qarabağ müharibəsinin bir qrup keçmiş iştirakçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplaşıb. Müharibə iştirakçısı Nazim Cavadov bildirdi ki, müharibədən qayıdandan sonra işsizdir. Həmin şəxs qeyd edir ki, Qarabağdan qayıdandan sonra onu iş yerinə bərpa etməyiblər.
Müharibə iştirakçıları qeyd edirlər ki, onlar özünüməşğulluq proqramından ötrü müraciət etsələr də, bu məsələ həll olunmayıb: “Müharibədə iştirak etməkdə məqsədimiz torpağımızı düşmən tapdağından alıb, doğma sahibinə qaytarmaq idi. Çox şükür, zəfərlə geri qayıtdıq. Ancaq bizim iş problemimiz həll olunmur. Belə ki, müharibədən qayıdandan sonra əvvəlki iş yerinə bərpa etmirlər”.
“Müharibədən sonrakı dövrdə həmin kateqoriyalardan olan 1700-dən çox şəxs növbədənkənar olmaqla, özünüməşğulluq proqramına cəlb olunub”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirildi ki, İkinci Qarabağ müharibəsində həlak olmuş şəxslərin ailələrinə, yaralılara özünüməşğulluq proqramı çərçivəsində də sosial dəstək göstərilir: "Müharibədən sonrakı dövrdə həmin kateqoriyalardan olan 1700-dən çox şəxs növbədənkənar olmaqla, özünüməşğulluq proqramına cəlb olunub. Onlardan 900-ü şəhid ailələrinin üzvləridir. Eyni zamanda, şəhid ailəsi üzvləri və qazilərdən ibarət 300 şəxsin məşğulluq məsələləri operativ şəkildə həll olunub. Onlar ödənişli ictimai işlər və əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramları çərçivəsində işlə təmin ediliblər. Özünüməşğulluq proqramında vətəndaşlar, əsasən, dövlət hesabına iri və xırdabuynuzlu mal-qara ilə təmin edilirlər”.
Günel CƏLİLOVA