Məlum olduğu kimi, dövlət tibb müəssisələrində COVID-19-a qarşı vaksinasiya prosesi aparılması üçün antikor testinin müayinəsi tələb olunur. Bu arayışla bağlı xəstəxanalar və tibb müəssisələrinə müraciət edən vətəndaşlardan antikor testinin müayinəsi üçün 30-50 manat tələb olunur.
Dövlət tibb müəssisələrində antikor testinin müayinəsi üçün 30-50 manat tələb olunması vətəndaşların narazılığına səbəb olur. Bildirilir ki, qeyd olunan test qiyməti hər kəsin büdcəsinə uyğun olmalıdır.
“Dövlət xəstəxanaları antikor testinin müayinəsi üçün elə qiymət təyin etməlidirlər ki, hər kəsin büdcəsinə uyğun olsun”
Professor, tibbi ekspert Adil Qeybulla bildirdi ki, antikor testinin müayinəsi ucuz olmalıdır: “Analizin qiyməti ailələr üçün əlçatan olmalıdır. Elə bir qiymət qoyulmalıdır ki, bütün ailələrin bu müayinəni etmək üçün maddi imkanları olsun. Dövlətin özü bu prosesdə maraqlı olmalıdır. Ayrı-ayrı adamlar öz maraqlarına çalışır və yaranmış vəziyyətdən sui-istifadə edirlər. Biabırçı hallardır, nə deyəsən, bununla bağlı danışmağa da adam utanır”.
Həmsöhbətimiz hesab edir ki, məlum məsələ ilə bağlı aidiyyəti qurumlar hərəkətə keçməlidir: “Hazırda insanların sağlamlığını və onların maddi vəziyyətini fikirləşmək lazımdır. Koronavirus infeksiyası peyda olunduğu gündən etibarən bir çox xəstəxana, obyekt artıq qazanc haqqında fikirləşməyə başladı. Ancaq hazırda qazanc deyil, əhalinin vəziyyətini düşünmək, onlara dəstək olmaq lazımdır. Bu səbəbdən də dövlət xəstəxanaları antikor testinin müayinəsi üçün elə qiymət təyin etməlidirlər ki, hər kəsin büdcəsinə uyğun olsun”.
Günel CƏLİLOVA