"Bəxt üzüyü” filmində şair Moşu Göyəzənlinin uşaqlarının anası Söylünün uşaqlarını saya-saya yük maşınına mindirməsi səhnəsi yəqin ki, hər birinizin xatirindədir. Harada çoxuşaqlı ailə görsəm, həmin səhnə gəlib dayanır gözlərim önündə. Hələ Söylünün az qala məsələ çevrilən belə bir deyimi də var: "Bizim kənddə arvadı ildə bir dəfə doğmayan kişiyə bir cür baxırlar ey. Həmin adam utandığından adam içinə çıxa bilmir”. Altı oğul anası hələ qürurla birinin də olacağına işarə vurur.
Hansı ki, Moşunun külfəti tək deyildi. O illərdə Azərbaycanda ailələrin əksəriyyəti çoxuşaqlı hesab olunardı. Ancaq zaman keçdikcə, çoxuşaqlı ailələrin də sayı azalmağa başladı. İndi əksər ailədə 2, bəzən də tək uşaq böyüdülür. 3 uşaqlı ailələr isə nadir tapıntıya çevrilib desək, yəqin ki, yanılmarıq. Valideynlər çox uşaq arzusunda olsalar da, sosial-iqtisadi vəziyyət bu istəyin həyata keçməsinə əngəl olur.
Açıqlanan statistik rəqəmlərə əsasən, Azərbaycanda biruşaqlı ailələr çoxalır. Hazırda ailələrin sayında 1 uşaqlı ailələr 30,1 %, 2 uşaqlı ailələr 40,3 %, 3 uşaqlı ailələr 19,9 %, 4 və çoxuşaqlı ailələr isə 9,7 % təşkil edir. Bu rəqəmlər getdikcə ikiqat nisbətdə azalır və demək olar ki, Azərbaycan demoqrafik böhranın astanasındadır.
“İlk övladları ilə problem yaşayan valideynlər ikinci uşağı dünyaya gətirməkdə tərəddüd edirlər”
“Vəfa” Sosial-İctimai Birliyinin sədri Fatimə Hacıbəyli bildirdi ki, təkuşaqlı ailələrin artmasının sosial-psixoloji səbəbləri çoxdur: "Əslində, sosial səbəblər hər kəsə məlumdur. Kapitalist sistemində uşaq böyütmək, ona yaxşı təhsil vermək çox çətindir. Hamı da arzulayır ki, övladına yaxşı təhsil versin. Həmçinin, ölkədə işgüzar qadınlar da çoxdur. Xüsusilə də şəhərdə yaşayan ailələr bir uşaqla kifayətlənirlər. Bu mövzuda adamların üstünə getmək lazım deyil. Kim özünü neçə uşaq saxlamağa hazır hiss edirsə, o qədər də saxlamalıdır. Bəzən ətrafdan qadına basqılar olur. Hamı uşaq doğmağa çağırır, amma heç kim kömək etmir. Nə mənəvi, nə maddi, nə başqa cəhətdən. Dövlət çoxuşaqlı ailələrin olmasında maraqlıdırsa, aylıq müavinətlər verə bilər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, çoxuşaqlı ailələrin azalması, sadəcə, Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur: “Hazırda həqiqətən də çoxuşaqlı ailələr azalmağa doğru gedir. Buna səbəb kimi iqtisadi imkanlar özünü daha qabarıq şəkildə büruzə verir. Maddi sıxıntılar ailələrdə bir çox problemə yol açır. Bundan başqa, ilk övladları ilə problem yaşayan valideynlər ikinci uşağı dünyaya gətirməkdə tərəddüd edirlər”.
Günel CƏLİLOVA