İkinci Qarabağ müharibəsində qazanılın şanlı zəfərimizdə payı olan Vətənin sədaqətli övladlardan biri də Əli Seyran oğlu Nəcəfovdur.
Qəhrəman Əli 1998-ci ildə Masallı rayonu, Tüklə kəndində dünyaya göz açmışdı. Qəlbi Vətən sevdalı bu gənc Azərbaycan Universitetini bitirdikdən sonra, yəni 25 iyul 2020-ci ildə hərbi xidmətə gedir. 27 sentyabr müharibəsi başlanan gündən düşmənə qarşı mərdliklə vuruşur. Cəbrayıl rayonunun azadlığı uğrunda isə göstərdiyi qəhrəmanlıqla Əli sözün əsl mənasında tarix yazır. Düşmənə böyük itkilər verməklə, özü də oktyabrın 20-si Vətənin yaşaması üçün şırin canından keçməklə müqəddəs şəhidlik zirvəsinə ucalır. İgid əsgərin müharibə meydanında hünəri ölümündən sonra sadiq olduğu dövlət tərəfindən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medallara layiq görülür.
Masallı elinin igid oğlu Əli Nəcəfov yaşasaydı şərəfli ömrünün 23-cü ilinə qədəm qoyardı. Onun adı bir an belə doğulduğu doğma Tüklə kənd camaatın dilində düşmür. Əlini ürəklərində yaşatmaqla onunla qürur düyürlər. Bu günlər Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Tüklə kənd inzibati ərazi nümayəndəsi Kərim Ağayev, Tüklə bələdiyyəsinin sədri Eyvaz İmaməliyev, şəhidin ailə üzvləri, kənd sakinləri, məktəblilər və başqaları karantin qaydalarını gözləməklə şəhid Əli Nəcəfovun anadan olmasının 23-cü ildönümünü ehtiramla qeyd etdilər.
Tədbir zamanı şəhidin doğma kəndindəki məzarı ziyarət olundu, üzərinə tər gül dəstələri düzüldü. Çıxış edənlər Əlinin Vətən sevgisindən ürəklə danışdılar, onun şərəflə keçdiyi həyat yolu daim gələn nəsillərə nümunə olacağını dedilər.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü