Vətəndaşların mənzil başına daha rahat və təhlükəsiz şəkildə çatmasını təmin etmək istiqamətində ölkə başçısının tapşırıq və sərəncamlarına əsasən, respublikanın dörd bir tərəfində yol infrastrukturunun yenilənməsi və müasirləşməsi prosesi gedir. Bu prosesin icrası nəticəsində ölkə ərazisində yol infrastrukturunun təmiri ilə bağlı lazımi işlə görülür.
6 ay öncə Oğuz-Şəki yolunun yenidən təmir olunması işlərinə start verildi. Lakin yolun təmirinin ləngiməsi həmin yoldan istifadə edənlərin narazılığına səbəb olur.
Şəkiyə getmək istəyənlər sözügedən yolda ya 1 saata yaxın vaxt itirirlər, ya da Kürdəmir yolu vasitəsilə əlavə 80 km məsafə qət etmiş olurlar.
“Yol yatağının mexaniki kipləşmə prosesi getməlidir ki, hər hansı çökmə və qabarmalar baş verməsin”
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirdi ki, sözügedən yolda işlər texnoloji ardıcıllığa və inşaat normalarının tələblərinə uyğun formada aparılır: "Təmir işlərinə noyabr ayından başlanıb. Yolun uzunluğu 32 kilometrə yaxındır. Qısa müddət ərzində işlərin aparılması və asfaltlanması mümkün deyil. Avtomobil yolu müəyyən normalara uyğun inşa edilməlidir ki, tez sıradan çıxmasın. Bir neçə kəndə gedərkən yolun toz-duman olduğunu başa düşürük. Şəkiyə isə alternativ yollar var. Yevlaxın Xaldan qəsəbəsindən Şəkiyə müasir yol inşa olunub. Ötən ilin payız aylarında həmin yol istifadəyə verildi. O yolun istismarından sonra Oğuz-Şəki yolunun yenidən qurulması işlərinə başlandı. Oğuz-Şəki yolunun inşasının 1 ilə yekunlaşması nəzərdə tutulub. Yol yatağının mexaniki kipləşmə prosesi getməlidir ki, hər hansı çökmə və qabarmalar baş verməsin. Tədbirlər planında yolun 1 ilə yekunlaşacağı qeyd olunub. Bu ilin payız aylarına qədər o yolda ən azı birinci asfalt-beton örtüyünün döşənməsi işləri bitəcək. Proses tez də başa çata bilər”.
Günel CƏLİLOVA