Son zamanlar sosial şəbəkələrdə əlilliyi olan şəxslərin pensiya və müavinətlərinin bu ilin aprel ayından dayandırılması barədə məlumatlar yayılır.
Qeyd edilir ki, şikayətçilər təkrar müraciət etdikdə növbənin çox olduğu əsas gətirilərək yoxlamaların noyabr, dekabr aylarına salındığı bildirilir. Yubanmanın səbəbi kimi yoxlamaların ancaq bir neçə tibb müəssisəsində aparılması ilə bağlı olduğu qeyd edilir.
Olmazmı əlilliyi ləğv olunan şəxs təkrar müraciət üçün Bakıdakı xəstəxanalara deyil, ərazi üzrə poliklinikalara müraciət etsin?
“...TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin nəzdində həkim məsləhət komissiyaları fəaliyyət göstərirlər”
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirildi ki, əlilliyin təyin edilməsi ilə bağlı tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər vermək hüququ olan TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin nəzdində həkim məsləhət komissiyaları fəaliyyət göstərirlər: “Həmin komissiyalar tərəfindən müəyyən edilmiş qaydada vətəndaşların sağlamlıq vəziyyətinin və əmək qabiliyyətinin müvəqqəti və ya tam itirilməsinin ekspertizasını aparmaq, TSEK tərəfindən müəyyənləşdirilmiş əlillik müddətinin bitməsi ilə əlaqədar təkrar müayinələrin həyata keçirilməsi, əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar müayinə edilməsi, əlilliyin səbəbinin dəyişdirilməsi, əlillərin texniki və digər reabilitasiya vasitələrinə ehtiyaclarının qiymətləndirilməsi kimi işlər aparılır. Qeyd edilən məsələlərlə bağlı TSEK-ə göndərişləri rəsmiləşdirmək istiqamətində tibb müəssisələri tərəfindən Forma 088 tərtib olunur. Tibb müəssisələrinə əlilliyin müəyyən edilməsi ilə bağlı müayinədən keçmək istəyən vətəndaşların çoxluğunu nəzərə alaraq, mövcud sənədlərin hazırlanması müəyyən zaman müddətində həyata keçirilir. Tibb müəssisələrində əlilliyin müəyyən edilməsi ilə bağlı hər bir vətəndaşın növbəli şəkildə TSEK-ə göndərişi rəsmiləşdirilir”.
Günel CƏLİLOVA