Azərbaycanda “Dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili Qaydası” təsdiqlənib. Qərarın surəti artıq ümumi təhsil müəssisələrinə göndərilib.
Qrupun komplektləşdirilməsi qaydasında bildirilir ki, qrup məktəbin tədris-maddi bazası imkan verdiyi halda valideynlərin, digər qanuni nümayəndələrin yazılı ərizələri əsasında I-IV sinif şagirdlərindən təşkil olunacaq.
Maraqlıdır, günüuzadılmış qruplar hansı funksiyanı yerinə yetirəcəklər?
Cəsarət Valehov: “Günüuzadılmış qruplara şagirdlər tədris ilinin əvvəlində həmin tədris ili müddətinə qəbul ediləcəklər”
Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov bildirdi ki, günüuzadılmış qruplara şagirdlər tədris ilinin əvvəlində həmin tədris ili müddətinə qəbul ediləcək və hər qrupda şagird sayı 20-25 nəfərdən ibarət komplektləşdiriləcək: “Qrup ödənişsiz əsaslarla fəaliyyət göstərəcək. Qrup bir sinfin, eyni paralel siniflərin və ya bir neçə sinfin şagirdlərindən təşkil ediləcək, bu zaman onların yaş xüsusiyyətləri nəzərə alınacaq”.
Kamran Əsədov: “Günüuzadılmış qrupların fəaliyyəti ev tapşırıqlarının məktəbdə, dərsdən sonra hazırlanmasından ibarət olmamalıdır”
Təhsil eksperti Kamran Əsədov bildirdi ki, günüuzadılmış qrupların fəaliyyəti ev tapşırıqlarının məktəbdə, dərsdən sonra hazırlanmasından ibarət olmamalıdır. Onun sözlərinə görə, günüuzadılmış qruplar əsasən qabiliyyət, yaradıcılıq tələb edən fənlər üzrə tədrisi özündə əks etdirməlidirlər: “Günüuzadılmış qruplar dərsdənkənar məşğələ kimi olmalıdır. Təəssüf ki, bəzi valideynlər günüuzadılmış qrupları yay məktəbləri ilə dəyişik salırlar.
Günüuzadılmış qrupların fəaliyyətində əsas məqsəd şagirdlərdə onlarda formalaşdırılması zəruri olan bacarıqları inkişaf etdirmək olmalıdır. Bu, rəsm, idman, şahmat və digərləri ilə bağlı ola bilər. Günüuzadılmış qrup heç də o demək deyil ki, şagird dərsdə keçdiyi fənləri təkrar keçəcək. Bu, daha çox yaradıcılıq tələb edən sahələr üzrə uşaqlarda bu yöndə bacarıqları formalaşdırmaq məqsədi daşıyır. Yay məktəblərində isə Azərbaycan təhsil tarixində ilk dəfə həyata keçiriləcək. Şagirdlərə bir neçə həftə ərzində elmi biliklər aşılanacaq. Yay məktəbləri ilə yanaşı, günüuzadılmış qruplarda da şagirdlər könüllü iştirak edəcəklər. Günüuzadılmış qrupların fəaliyyəti dəstəklənəndir”.
Günel CƏLİLOVA