Azərbaycanın bölgələrində suvarma suyunun paylanması sahəsində hələ də ciddi problemlərin, pozuntuların olduğu müşahidə edilir. Baxmayaraq ki, düz bir il əvvəl Prezident İlham Əliyev “Suvarma suyunun ədalətli bölüşdürülməsində böyük pozuntular var” fikrini bildirmişdi və yerli məmurlara bu pozuntuları aradan qaldırmaq barədə ciddi tapşırıq vermişdi.
Görünür, hələ də bölgələrdə suvarma suyunun bölünməsi sahəsində olan ədalətsiz yanaşmalar aradan qaldırılmayıb. Belə olmasaydı, Azərbaycanın bəzi yerlərində su üstündə kütləvi davalar baş verməz, qan tökülməz, işə polis müdaxiləsi olmazdı.
Yayılan məlumata görə, Cəlilabad rayonunun Alar kəndində da kütləvi dava olub.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Alar kəndi ərazisindəki əkin sahəsində baş verib. Suvarma suyunun ədalətli bölünməməsi nəticəsində baş verən insidentə hüquqi qiymət veriləcək, bu öz yerində. Amma problemin yaranmasında məsuliyyət daşıyan məmurlar niyə öz vəzifələrini dərk etmək istəmirlər, axı bu pozuntuları yaradan, vətəndaşın işini daşa dirəyən yarıtmaz məmurlardır. Vaxtında suvarma suyunun ədalətli bölünməsi həyata keçirilməli idi.
“Belə hallara görə ağır cəzalandırma olsa…”
“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı baki-xeber.com-a bildirdi ki, rayonlarda suvarma suyu ilə bağlı problemlər hər yay özünü daha kəskin şəkildə göstərir: “Rayonlarda su problemi hər yay kəskinləşir. Bunun bir səbəbi su təsərrüfatının qaydaya salınmamasıdırsa, digər səbəbi də suyun ədalətli bölünməməsidir. Rayonların rəhbər şəxslərinin özlərinin və yaxınlarının təsərrüfatı su ilə təmin olunur, digərləri isə əziyyət çəkirlər. Neçə ildir bu problemlər həm davaya səbəb olur, həm də aqrar sektorumuza ağır zərbələr vurur. Bir çoxu məhz buna görə əkin-biçindən əl çəkir. Nəticədə bazar-dükanda yerli məhsul getdikcə azalır, xarici məhsulların ümidinə qalırıq. Xarici meyvə-tərəvəz yerlidən ucuz olur. Qısası, bütün problemlərin kökü məmur özbaşnalığı, məsuliyyətsizliyi və cəzasızlıq mühitidir. Belə hallara görə ağır cəzalandırma olsa, problem 1 il ərzində həll olunmuş olar. Lakin bunlar sanki cəzalanmayacaqlarına əmindirlər və istədiklərini edirlər. Ona görə də media belə faktları işıqlandırmalı və həmin vəzifəli şəxslərin cəzalandırılmasını tələb etməlidir” - deyə E.Bayramlı qeyd etdi.
İradə SARIYEVA