Məlum olduğu kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi gigiyenik qaydalara əməl etməyən iaşə obyektləri ilə bağlı sərt tədbirlər həyata keçirir. Müəyyən olunmuş normalara əməl etməyən kafe və restoranlar ya cərimələnir, ya da fəaliyyəti dondurulur.
Araşdırmalar zamanı müəyyən olunub ki, əksər kafe və restoran qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərir. Nəticədə restoranlarda xidmət səviyyəsi aşağı düşür.
“Qida zəncirində iştirak edən hər bir obyektin reyestri olmalıdır ki, ona nəzarət etmək imkanı olsun”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, kafe və restoranların bir qismi qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərir: “Restoranlar şəbəkəsində qanunvericiliyin tələblərinə əməl olunmaması istehlakçılara göstərilən xidmət səviyyəsinin aşağı olması ilə bağlıdır. İctimai iaşə obyektlərinin cərimələnməsinin başlıca səbəbi qanunvericiliyə uyğun fəaliyyət göstərməmələridir. Belə ki, kafe və restoranlar öz fəaliyyətləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyində reyestrdən keçməlidirlər. Qida zəncirində iştirak edən hər bir obyektin reyestri olmalıdır ki, ona nəzarət etmək imkanı olsun. Bura qidanı daşıyan, saxlayan, satan bütün obyektlər daxildir”.
Birlik sədrinin sözlərinə görə, qida zəncirində iştirak edən hər bir subyekt Qida Təhlükəsizliyi Agentliyində reyestrə daxil olmalıdır: “Reyestrə daxil olan subyektlərlə AQTA müəyyən maarifləndirmə işi aparır. Onların işinin standartlara uyğun formada həyata keçirilməsinə nəzarət edir. Lakin agentliyin reyestrinə daxil olmayan, antisanitar şəraitdə fəaliyyət göstərən obyektlər cərimələnməli və ya fəaliyyəti müvəqqəti dayandırılmalıdır. Obyektin birdəfəlik fəaliyyətinin dayandırılmasının tərəfdarı deyiləm. Onu da deyim ki, agentlik elə bir iş aparmalıdır ki, qida zəncirində iştirak edən hər bir subyekt AQTA-nın nəzarəti altında olsun. Təəssüf ki, bu hədəflərə çatmaq üçün hələ xeyli yol getmək lazımdır. Hesab edirəm ki, yaxın iki il ərzində bu tip məsələlər öz həllini tapacaq”.
Günel CƏLİLOVA