Məlumdur ki, Azərbaycanda yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiya aparılan şəxslərlə əlaqədar pasportlaşdırma aparılacaq. Bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda əksini tapıb.
COVID infeksiyasına yoluxmayan şəxslər vaksinin 2 dozasını vurdurmaqla COVID pasportu ala bilərlər. Həmçinin, koronavirusa yoluxub sağalan şəxslərə də pasport təyin olunur. Məlumdur ki, onlara müəyyən dövr ərzində vaksinasiya tətbiq edilmir. İmmunitet sertifikatı COVID-19 pasportu kimi hesab olunur. Bunların hər hansı birinə malik olanlar idman-sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər.
Elə insanlar var ki, onlar koronavirusa yoluxsalar da, qeydiyyata düşmədilər. Maraqlıdır, bu kateqoriyadan olan şəxslər COVID pasportunu necə əldə edəcəklər?
“Kimdə antitel testi normaldırsa...”
Professor, tibbi ekspert Adil Qeybulla bildirdi ki, COVID pasportu vaksinasiya olunan şəxslərə verilirsə, burada immunilizasiya əsas götürülür: “Ancaq nəzərə almaq lazımdır ki, heç də bütün vaksin olunanlarda immunitet formalaşmır. Vaksinasiya 80 faiz effektivlik civarındadır”.
Həmsöhbətimiz hesab edir ki, antitellərin yoxlanılması əsasında COVID pasportu verilməlidir: “Təklif edirəm ki, antitel, bədəndə cismlərin təyini testləri ucuz qiymətə təşkil edilsin, hər kəs üçün əlçatan olsun. Xəstəlik keçirən, vaksinasiya olunan insanlar rahat şəkildə gedib bədəndəki antitelləri yoxlatdıra bilsinlər. Kimdə antitel testi normaldırsa, onlara COVID pasportu verilsə, daha ədalətli olar. İctimai təhlükəsizlik üçün pasportla diskriminasiya olunmaq düzgün deyil”.
Günel CƏLİLOVA