Mayın 25-də Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə açıqlanan müsbət qərarlar sırasında metronun və şəhərlərarası nəqliyyatın fəaliyyətinin bərpa olunmasını qeyd etmək olar. Amma təəssüf ki, şənbə-bazar günləri ictimai nəqliyyat yenə işləməyəcək.
Bunun səbəbi barədə inandırıcı, əsaslı izahat verilməyib. Məsələn, belə bir sual ortaya çıxır: əgər ölkədə bütün ticarət mərkəzlərinin, AVM-lərin fəaliyyətinə icazə verilirsə, istirahət günləri insanlar ora necə gedəcək? Bütün məkanlar işləyirsə, ictimai nəqliyyatda yoluxma təhlükəsi nə qədər əsaslıdır? Vətəndaşlar nəyə görə əlavə xərc çəkib taksilərdən istifadə etməlidir?
Iqtisadçı-ekspert Günay Hüseynova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, həftəsonu ictimai nəqliyyatın işləməməsi qərarı səhvdir və təcili ləğv edilməlidir: “Artıq bu addımın heç bir əhəmiyyət daşımadığı ilə bağlı çoxlu müzakirələr aparılır. Qoyulan bu qadağa məntiqə söykənmir. Sanki kimlərsə bununla vergidən yayınan sahələr üçün əlverişli fəaliyyət imkanı yaratmış olur. Mən başa düşə bilmirəm, məgər bir manatlıq taksidə sıx oturub gedəndə adam virusdan sığortalanır? Çünki ictimai nəqliyyat işləmirsə, onun yerinə bir manatlıq taksilər fəaliyyət göstərir. Taksilərə 4 nəfər minir və avtobusdan fərqli olaraq bir-birinə daha yaxın məsafədə otururlar. Bu həm də vətəndaşlarımızın büdcəsinə ziyandır. Çünki adam 30 qəpiyə getməli olduğu yerə 1 manat verib gedir. Yəni fərq 3 dəfədən də çoxdur. Bundan əlavə, həftənin 5 günü avtobus işləyirsə, belə çıxır ki, yalnız şənbə və bazarda virusa yoluxma risqi artır? Yenə məntiqsizlik. Bu, həm də şənbə günü işləyənlər üçün əlavə xərcdir. Təsəvvür edin, 1 avtobus əvəzinə 10 dənə minik maşını xidmət göstərir”.
Ekspertin sözlərinə görə, bu məntiqsiz qadağa ləğv olunmalıdır: “Belə qərar həm dövlətin, həm də vətəndaşların büdcəsinə əlavə ziyan vurur. Nəticədə qazanan işbazlar olur”.
Məhəmmədəli QƏRİBLİ