Zərdabda 2 il 6 aydır ki, məktəb binasının tikintisində iştirak edən usta və fəhlələr əməkhaqlarını ala bilmirlər. Onlar əməkhaqlarının verilməsi ilə bağlı dəfələrlə tikinti şirkətinə müraciət etsələr də, heç bir nəticəsi olmayıb.
Məlumat üçün bildirək ki, Zərdab rayonunun Sarıqaya kəndində 2018-ci ildə Təhsil Nazirliyinin sifarişi ilə podratçı PDL tikinti şirkəti tərəfindən 90 yerlik modul tipli tam orta məktəbin tikintisinə başlanıb.
İşçilər: “Tikintidə çalışanların birinə 400, digərinə 1000, başqa birisinə isə 1800 manat əməkhaqqı verilməlidir”
Məktəbin tikintisində həmin kənddə yaşayan usta və fəhlələr iştirak ediblər. Qeyd edək ki, layihəyə uyğun olaraq, tikinti 4 aya başa çatmalı idi. Tikinti işi təyin olunan müddətə başa çatsa da, həmin təhsil müəssisəsinin tikintisində iştirak edən usta və fəhlələrin əməkhaqqı hələ də ödənilməyib. İşçilər bildirirlər ki, tikintidə çalışanların birinə 400, digərinə 1000, başqa birisinə isə 1800 manat əməkhaqqı verilməlidir.
Məlumata görə, həmin məktəbdə işləyən fəhlələr gündəliyə işləyənlər olublar. Onlar əməkhaqqı üçün iş icraçısına müraciət etsələr də, heç bir nəticəsi olmayıb. İşçilər haqlarını tələb etmək üçün məhkəməyə müraciət etməyə hazırlaşırlar.
PDL tikinti şirkəti: “Məlum məsələ ilə bağlı vətəndaşların səsləndirdikləri iddialar əsassızdır”
Məsələ ilə bağlı podratçı PDL tikinti şirkətindən bildirildi ki, məlum məsələ ilə bağlı vətəndaşların səsləndirdikləri iddialar əsassızdır.
Mayis Əliyev: “Əksər iş yerində heç mülki-hüquqi müqavilə sistemi də mövcud deyil”
Sosial sahə üzrə ekspert Mayis Əliyev bildirdi ki, əksər iş yerində heç mülki-hüquqi müqavilə sistemi də mövcud deyil. Bu iş yerləri cibdən-cibə prinsipi ilə işləyir: “İşçi ilə əmək müqaviləsi bağlanmadıqda sonradan baş verən proseslərin hamısı qanunsuz hesab olunur. Bu sahədə böyük özbaşnalıq hökm sürür. İşçilər haqlarını tələb etmək üçün məhkəməyə müraciət edə bilərlər”.
Günel CƏLİLOVA