Hazırda turizm sənayesinin ən çox yayılmış formalarından biri də halal istirahət mərkəzləridir. Bu tip otellər ölkəmizdə olsa da, əhatə dairəsi olduqca dardır. Halal turizm, əsasən, Türkiyə, İndoneziya və Sinqapurda geniş yayılıb. Ölkəmizdə də halal otellərin yaradılması dəfələrlə müzakirə edilib.
Qeyd edək ki, Türkiyədə ilk ixtisaslaşdırılmış halal otel şəbəkələri 2000-ci illərin əvvəllərində fəaliyyətə başlayıb və bu illər ərzində ölkədə yüzlərlə halal otel açılıb. Bu, Türkiyədə daxili turizmə böyük dəstək verib. Halal turizm Türkiyədə orta qiymət səviyyəsində xidmət göstərir. Bu otellərin özəlliyi mətbəxində halal qidalardan istifadə edilməsi, alkoqolsuz içkilər, qadınlar üçün tam təhlükəsiz çimərlik və hovuzlar yaradılmasıdır. Otellər ciddi şəkildə qorunur və kənar şəxslərin, nikahsız cütlüklərin onlara girişi qeyri-mümkündür. Bu özəlliklər mühafizəkar insanların həmin otellərə etibar etməsinə imkan yaradır.
Xatırladaq ki, 2017-ci ildə ölkəmizdə keçirilən İslam Həmrəyliyi Oyunlarında da halal turizm mövzusu müzakirə edilmişdi.
Onu da qeyd edək ki, son illər ölkəmizə gələn turistlər arasında müsəlman ölkələrinin vətəndaşları üstünlük təşkil edirlər. Bu səbəbdən də halal otellərin yaradılması məqbul sayılır.
Bildirək ki, bu günlərdə Hesablama Palatası mehmanxana sektorunu iqtisadiyyatın pandemiyadan ən çox təsirlənən sahəsi sayıb. Palatanın rəyinə əsasən, 2020-ci ilin ikinci rübündə sektorda 70 faizdən çox azalma olub.
Paytaxtın otel sektorunda son bir il ərzində müşahidə edilən proseslər ölkədə halal otellər şəbəkəsinin yaradılmasının vacibliyini gündəmə gətirib.
Elçin Rüstəm: “Gələcəkdə yeni otellər inşa olunanda sahibkarlar öz yerləşdirmə obyektlərini halal standartları əsasında qura bilərlər”
Turizm sahəsi üzrə ekspert Elçin Rüstəm bildirdi ki, halal standartı ilə fəaliyyət göstərən otellərdə qadınlar və kişilər üçün ayrıca hovuz, namaz otağı olmalı, alkoqollu içkilər olmamalı, verilən yeməklər halal standartı ilə istehsal edilən məhsullardan hazırlanmalıdır: “Gələcəkdə yeni otellər inşa olunanda sahibkarlar öz yerləşdirmə obyektlərini halal standartları əsasında qura bilərlər. Hazırkı otellərin bu tipdə qurulması üçün isə sahibkarlara əlavə sərmayə lazımdır. Ona görə də bu standartları həyata keçirmək o qədər də asan məsələ deyil. Azərbaycanda otellərdə halal standartlarının tətbiqi islam ölkələrindən ölkəmizə gələn turistlərin axını ilə əlaqədardır”.
Nərgiz Əsgərova: “Bakıya qonaq gəlmiş əyalət sakini təsadüfən koronavirusa yoluxarsa belə, o zaman oteldə olmağı daha məsləhətdir”
Otelçilik sektoru təmsilçisi Nərgiz Əsgərovanın sözlərinə görə, son bir ildə otellərdə pandemiya təhlükəsinə qarşı ciddi tədbirlər görülüb: “Bakıya qonaq gəlmiş əyalət sakini təsadüfən koronavirusa yoluxarsa belə, o zaman oteldə olmağı daha məsləhətdir. Lakin bununla belə, Bakıda otel qiymətlərinin son bir ildə 50 faizdən çox ucuzlaşması, pandemiyadan öncə bir nəfərlik otağı 40 dollara təklif edən dördulduzlu otellərin qiyməti 40 manata salması belə, vəziyyəti dəyişməyib. İş üçün paytaxt Bakıya gələn sıravi azərbaycanlı 40 manat xərcləməklə, yatmağa rahat otaq, gözəl vanna otağı və keyfiyyətli səhər yeməyi verən dördulduzlu oteldə qalmaqdan imtina edərək, 50 manatlıq bazarlıq edib qohum evinə üz tutur, bir tikə Allah qismət edəndən yeyir, səhər duş almadan evi tərk edir və indiki şəraitdə ciddi pandemiya təhlükəsi ilə üz-üzə qalır”.
Günel CƏLİLOVA