Masallı Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı vaxtaşırı 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərin xatirəsi ilə bağlı virtual kompozisiyalar nümayiş etdirir.
Teatr kollektivinin yeni səhnə işi haqq savaşımızda torpaq uğrunda şəhid olmuş Masallı elinin igid oğlu Elmir Akifzadənin əziz xatirəsinə ithaf olunmuşdu. Tamaşa-kompozisiyaya “Kövrələn buludlar” adı verilmişdi. Tanınmış yazıçı-publisist, “İki Sahil” qəzetinin əməkdaşı Nurəddin Ədiloğlunun şəhidlə bağlı dövri mətbuatda gedən məqalələri əsasında hazırlanan bu tamaşada mədəniyyət işçiləri ilə bərabər, kollec tələbələri də rol almışdı.
Şəhid Elmir Akifzadənin xatirəsi sükutla anıldıqdan sonra kompozisiyanı ərsəyə gətirən aktyorlar səhnəyə gəldilər. Aktyorlar tərəfindən sevimli nəvəsini döyüşlərdə itirmiş babanın nalə və iztirabları kövrək duyğularla virtual tamaşaçılara təqdim edildi, şəhidlik zirvəsi və vətən sevgisini ifadə edən şeir kompozisiyaları səsləndi. Şəhid Elmir Akifzadənin qəhrəmanlığını bildirən musiqi parçasını isə müğənni M.Hüseynov həzin notlarla oxudu.
Virtual səhnə tədbirindən sonra Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov şəhidin valideynləri ilə görüşüb, igid Vətən övladının ruhuna ehtiramını bildirdi, xalqın onunla qürur duyduğunu söylədi. Tamaşalardakı ifalarına görə bir sıra tələbə və mədəniyyət işçisinə Cənubunsəsi.az xəbər portalının fəxri fərmanı verildi.
Onu da bildirim ki, rejissor C.Əliyevin quruluş verdiyi tamaşa-kompozisiya sosial şəbəkələr vasitəsilə canlı nümayiş olundu.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü