Masallının Tüklə kəndində dünyaya göz açan Rəsul Balağa oğlu Xanverdiyev Vətən müharibəsində 30 il düşmən tapdağında olan cənnətməkan yurd yerimiz Qarabağın azadlığı uğrunda haqq savaşımızda düşmənə qarşı qəhrəmancasına döyüşərək şəhid olub. Tüklə kənd camaatı öz igid oğlunu ürəklərində yaşatmaqla onun adına layiqli işlər görürlər. Kəndin ən mötəbər yerində Rəsulun şərəfinə ucalan “Şəhidlər ölməz, Vətən bölünməz” bulağı indi daha möhtəşəm görünür.
Bu günlər karantin rejiminin tələblərinə riayət olunmaqla bulağın aşılısında mərasim iştirakçıları şəhidin keçdiyi şərəfli döyüş yoluna nəzər salıb, xatirəsini ehtiramla yad etdilər. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bildirdi ki, İkinci Qarabağ müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz tarixi zəfər qazandı. Azərbaycanın hərb tarixinə bu qəhrəmanlıq salnaməsini yazanlardan biri də Masallı torpağın qorxmaz, cəsur oğlu Rəsul Xanverdiyev oldu. Rəsul mənən həmişə bizimlə olacaq, Vətənə, torpağa sevgi rəmzi kimi ondan nümunə götürüləcək. Şəhidin anası Təcibə İbadova övladına göstərilən bu etimada görə ölkə rəhbərinə, icra başçısına minnətdarlıq edib dedi: - Hər ana fəxr etməlidir ki, Vətən üçün övlad böyüdür, oğul da Vətənin dar günündə sinəsini sipər edir. Mən də oğlumla fəxr edirəm. Rəsul vətənpərvər oğul, həm də yaxşı vətəndaş idi. O, ürəkdən bağlandığı Vətənin harayına birinci getdi, tarix yazmaqla bütün Azərbaycan xalqından oğul adını qazandı. İndi xoşbəxt anayam ki, oğlumun adı Vətənlə bir çəkilir...
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü