Avtomobil sahibi olmaq hər kəsin arzusudur. Ancaq onu idarə etmək də bir uşağın əlifbanı öyrənməsi qədər çətindir. Bunun üçün sürücülük kurslarına getmək birinci şərtdir. Orada istənilən nəticə əldə edilməzsə, növbəti variant təlim maşınlarıdır. Paytaxtın müxtəlif yerlərində 1 saatı 20 manata təlim maşını tapmaq mümkündür.
Azərbaycanda son zamanlar avtomobil təlimçilərinin sayı günü-gündən çoxalır. Kim təlimçi olmaq istəyirsə, asan şəkildə sənədlərini düzəldib təsdiqlədir, daha sonra avtomobilinin arxasına təlim maşını işarəsini yapışdırır. Bununla da yeni sürücü olmaq istəyən insanlara təlim keçməyə başlayır. Təbii ki, ucuz qiymətə olan bu təlimlər çox insanı cəlb edir. Həmin dərslərin keyfiyyətini isə sürücülərin yol hərəkəti qaydalarına necə əməl etməsindən, daha dəqiq desək, qaydaları “çeynəməsindən" görmək mümkündür.
Son zamanlar avtotəlimçilərlə bağlı narazılıqlar artıb. Bildirilir ki, təlimçilər bu sahənin mütəxəssisi deyil, adi avtomobil idarə etməyi bilən şəxslərdir. Bəllidir ki, təlim maşınlarının əsas özəlliyi sükan arxasında tələbənin olmasına baxmayaraq, təlimçinin ayağında da idarəetmə qurğularının olmasıdır. Bununla təlimçi avtomobili qəzalardan sığortalayır.
“Bəzən qadınlar təcrübəsiz, savadsız təlimçilərə rast gəlirlər və nəticədə öyrəndiklərini yolda tətbiq edən zaman...”
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirdi ki, bəzən qadınlar təcrübəsiz, savadsız təlimçilərə rast gəlir və nəticədə öyrəndiklərini yolda tətbiq edən zaman əks effekt yaranır: “Ölkə başçısı tərəfindən təsdiq edilmiş "Yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq, təlimçilərin özlərinə də təlim keçmək lazımdır. Onlar tam olaraq sertifikatlaşdırılmalıdır. Kimlər təlimçi ola bilər, kimlər yola verməklə məşğuldurlar, bax, bu, üzə çıxmalı, təlimçilər peşəkar olmalı, vaxtlı-vaxtında imtahandan keçirilməlidirlər. Bu gün yollarda təlimçilər tərəfindən yola çıxarılan xanım sürücülər görürəm. Həmin xanımlar təlimçilərdən yaxşı maşın sürürlər. Təlimçilər isə əllərində telefonla video çəkməklə məşğuldurlar, təlim də kənarda qalıb. Biabırçı mənzərə müşahidə edilir”.
Günel CƏLİLOVA