“Yol polisi təhlükəsizliyin təmin edilməsi istiqamətində funksional vəzifəsini yerinə yetirir. "1 manatlıq" taksilər adlandırılan avtomobillərin qarşısını almaq üçün təbliğat gücləndirilməlidir. Bu, sadəcə, DYP-nin üzərinə düşən iş deyil, digər qurumlar da kompleks tədbirlər həyata keçirməlidirlər. Məsələni kökündən həll etmək üçün həmin istiqamətlərdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkətini normallaşdırmaq lazımdır".
Bu sözləri Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov media nümayəndələrinə açıqlamasında deyib. O bildirib ki, qanunsuz olaraq fəaliyyət göstərən taksilər və mikroavtobuslarda problemlərin aradan qaldırılması üçün ilkin olaraq təbliğat aparılır.
Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl Xəzər rayonunda ağır yol qəzası baş verib. Nəticədə 3 nəfər (1 qadın, 2 kişi) hadisə yerində dünyasını dəyişib, 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Avtomobilin taksi kimi fəaliyyət göstərdiyi deyilir.
Mais Ağayev: “Qanunsuz sərnişindaşıma çox ciddi problemdir və bu məsələdə nəzarət tədbirləri BNA-nın səlahiyyətlərinə aid deyil”
Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev bildirdi ki, qanunsuz sərnişindaşıma çox ciddi problemdir və bu məsələdə nəzarət tədbirləri BNA-nın səlahiyyətlərinə aid deyil. O, əlavə edib ki, həm də qanunsuz sərnişindaşıma gizlin deyil.
M.Ağayevin sözlərinə görə, BNA bununla bağlı dəfələrlə aidiyyəti üzrə Dövlət Yol Polisinə məlumat verib.
İlqar Hüseynli: “Ölkədə sosial-iqtisadi problemlər kəskinləşdiyinə görə bəzi vətəndaşlar şəxsi avtomobilləri ilə bu xidməti göstərməkdən başqa çıxış yolu görmürlər”
Sosial sahə üzrə ekspert İlqar Hüseynli bildirdi ki, ölkədə çoxlu sayda şəxsi avtomobili ilə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan insan var: "Hazırda ölkədə sosial-iqtisadi problemlər kəskinləşdiyinə görə bəzi vətəndaşlar şəxsi avtomobilləri ilə bu xidməti göstərməkdən başqa çıxış yolu görmürlər. Əlbəttə, xidmətdə olan avtomobillərin bir hissəsinin texniki vəziyyəti, habelə onların göstəriciləri sərnişindaşımaya imkan vermir. Məlumdur ki, hər il avtomobillər DYP tərəfindən texniki baxışdan keçirilir və nasaz vəziyyətdə olan maşınların sahibləri cərimələnirlər. Hazırda paradoksal vəziyyət hökm sürür. Sərnişindaşıma belə avtomobillərlə həyata keçirilirsə, onlar texniki baxışdan hansı yolla keçiblər?”.
Günel CƏLİLOVA