Sosial şəbəkədə Bakı şəhəri, Qaradağ rayonunun Puta qəsəbəsində bələdiyyə tərəfindən sakinlərin tikdiyi stadionun sökdürülməsi ilə bağlı məlumat yayılıb. Məlumatda qeyd edilir ki, sakinlərin öz hesablarına yaratdıqları futbol stadionunu bələdiyyə sədru sökdürür.
Sakinlər bildirirlər ki, stadionda uşaqlar futbul oynayıb, idmanla məşğul olurdular. Stadion tam hazır olmasa da, uşaqlar orada səmərəli vaxt keçirirdilər: “Bu meydançaya Putanın hər yerindən gənclər gəlir, futbol oynayırlar, idmanla məşğul olurlar. İndi deyirlər ki, meydançanın yerində park salınacaq. Biz onlardan park salınmasına dair hər hansı sənəd göstərmələrini tələb edəndə isə bələdiyyədən bildirdilər ki, park salınacağı hələ dəqiq deyil. Bizdə isə artıq belə şübhə var ki, meydançanın yeri zəbt olunub, kiməsə satılıb və meydança ləğv olunandan sonra kimsə buralarda bina tikəcək, yaxud şəxsi təsərrüfat yaradacaq. Putada bir parça yer qalmayıb, hər yer satılıb, dağıdılıb. İndi də bir neçə il əvvəl sakinlərin əziyyətlə yaratdıqları idman meydançasının yerinə göz dikiblər”.
Sakinlər qeyd edirlər ki, bələdiyyə sədrinin göstərişinə əsasən, stadionun söküntüsü ilə bağlı işlərə başlanıb.
“Uşaqların futbol oynamaması üçün həmin əraziyə bəzi şeylər əlavə etmişik, amma…”
Məsələ ilə bağlı Qaradağ rayonunun Puta Bələdiyyəsi ilə əlaqə saxladıq. Puta Bələdiyyəsindən bildirdilər ki, iddialar əsassızdır: “Həmin ərazidə, ümumiyyətlə, meydança olmayıb. Sözügedən ərazidə azyaşlı uşaqlar futbol oynayırdılar. Pandemiya dövrü olduğuna görə məsələ ilə bağlı dəfələrlə xəbərdarlıq etsək də, yenə də gəlib orada futbol oynayırdılar. Biz də uşaqların futbol oynamaması üçün həmin əraziyə bəzi şeylər əlavə etmişik. Amma meydança üçün müraciət ediblər, meydança üçün ərazi də ayrılır”.
Günel CƏLİLOVA