44 günlük Vətən müharibəsi zamanı azğınlaşmış ermənilər mülki əhalini hədəf aldılar. Onlar əlisilahlı hərbçilərlə deyil, sadə insanlarla, uşaqlarla, yaşlılarla müharibə aparmağa üstünlük verirdilər.
44 günlük müharibə zamanı - 11 oktyabr tarixində Ermənistan silahlı qüvvələri Gəncə şəhərinin mərkəzində yerləşən doqquzmərtəbəli yaşayış binasına raketlə atəş açmışdılar. Ballistik raket yaşayış binasının təxminən 300 metrliyinə düşmüşdü. Hadisə nəticəsində yaşayış binası yararsız vəziyyətə düşdü.
Məlumat üçün bildirək ki, yaşayış binası 36 mənzillidir. Hazırda həmin binada 24 ailə yaşayır. Binanın dam örtüyü də yararsız vəziyyətdədir.
Həmin ərazidə yaşayan sakinlər bildirirlər ki, 44 günlük müharibə zamanı ermənilən raket atəşi nəticəsində yararsız vəziyyətə düşən binada hər hansı təmir işi aparılmayıb.
Sakinlərin bildirdiyinə görə, məlum hadisədən sonra yaşayış binasında ciddi problemlər yarandı. Divarlarda çatlar əmələ gəldi, yağışlı havalarda isə su evə dolur: “Binaya dəyən ziyanın hesablanması ilə bağlı rəsmi araşdırma aparılıb, aidiyyəti qurumların rəsmiləri binaya baxış keçirib və lazımi qeydiyyatları aparıblar. Hətta hər kəsin mənzilinə ayrı-ayrılıqda baxış keçirilib. Lakin yeddi aydır ki, nə sakinlərə dəyən ziyanın kompensasiyası verilir, nə də binanı təmir edən tapılır”.
Gəncə Şəhər İcra Hakimiyyəti: “Vətən müharibəsi zamanı Gəncə şəhərində vətəndaşlara dəyən ziyanın hesablanması yaradılan xüsusi komissiya tərəfindən aparılır”
Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən bildirildi ki, Vətən müharibəsi zamanı Gəncə şəhərində vətəndaşlara dəyən ziyanın hesablanması yaradılan xüsusi komissiya tərəfindən aparılır: “Hətta bununla bağlı işçi qrupu da yaradılıb. Hazırda isə komissiya fəaliyyətini davam etdirir”.
Mayis Əliyev: “Həmin mənzillərin təmir olunması istiqamətində aidiyyəti qurumlar tərəfindən iş aparılır”
Sosial sahə üzrə ekspert Mayis Əliyev bildirdi ki, Vətən müharibəsi zamanı ermənilər əhalinin yaşadığı bir çox ərazini hədəfə aldılar. Nəticədə insanların yaşadıqları mənzil yararsız hala düşdü. Həmin mənzillərin təmir olunması istiqamətində aidiyyəti qurumlar tərəfindən iş aparılır: “Hətta bununla bağlı ölkə başçısının da xüsusi tapşırığı var ki, 44 günlük Vətən müharibəsi zamanı zərər görən hər bir şəxsə dəstək göstəriləcək”.
Günel CƏLİLOVA