Lənkəran Dövlət Universitetində bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”nın həyata keçirilməsi üzrə Fəaliyyət Planının icrası ilə əlaqədar maarifləndirici seminar keçirilib.
Azərbaycan Prezidentinin 1 noyabr 2018-ci il tarixli Sərəncamı əsasında təsdiq edilmiş “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”nın həyata keçirilməsi üzrə Fəaliyyət Planının icrasına həsr olunmuş seminarı universitetin sosial məsələlər üzrə prorektoru, dosent Kamran Kazımov açaraq, sərəncamdan irəli gələn vəzifələrin icrası barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Universitetin Biologiya və ekologiya kafedrasının dosenti Ramiz Şəmmədovun “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsi” mövzusunda məruzəsi dinlənib. Bildirilib ki, bərk məişət tullantılarının düzgün idarə edilməsi ekoloji tarazlığın qorunmasında mühüm rol oynayır, bu prosesin vaxtında müsbət həlli isə bəşəriyyəti qlobal ekoloji problemlərdən qoruya bilər.
Məruzə ətrafında müzakirələr aparılıb. Biologiya və ekologiya kafedrasının müdiri, dosent Məmmədhüseyn Hüseynov, Riyaziyyat və informatika kafedrasının müdiri, dosent Nahid Paşayev və Ekologiya ixtisaslı tələbələrdən Nəzrin Zeynallı, Mətanət Əlizadə çıxış edərək, məsələ ilə bağlı öz fikirlərini bildiriblər.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü