Bakıda təxminən 200 ailənin yaşadığı iki yataqxana qəzalı vəziyyətdədir. Söhbət paytaxtın Nərimanov rayonu, Xoyski küçəsi, 138 və 140 ünvanındakı dördmərtəbəli iki yataqxanadan gedir. Vaxtilə təkər zavoduna məxsus olan həmin binalar istismar müddətini başa vurduğundan, yaşamaq üçün təhlükəli durumdadır.
Qeyd edək ki, Sovet dövründə təkər zavoduna məxsus olan yataqxanada elə həmin zavodun işçiləri təxminən 35 ildir məskunlaşıblar. Onlar öz vəsaitləri hesabına mənzillərini özəlləşdiriblər. Hər iki bina bir neçə ildir istismar müddətini başa vurduğundan, qəzalı vəziyyətə düşüb. Binada hər an qəza yaşana bilər.
Məlumat üçün bildirək ki, binada hər mərtəbənin ümumi olaraq bir mətbəx və sanitar qovşağı var. Ümumi istifadədə olan hər iki otaq, demək olar ki, yararsız hala düşüb.
Sakinlər qeyd edirlər ki, onlar öz vəsaitləri hesabına həm hamam otağında, həm də mətbəxdə təmir işləri aparıblar.
Sakinlər onu da bildirirlər ki, məlum məsələ ilə bağlı dəfələrlə Nərimanov Rayon və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Amma hər dəfə onlara yaxın günlərdə binaların söküləcəyi və yerində yeni müasir yaşayış binasının tikiləcəyi deyilib. Ancaq hələ də deyilən söz elə söz olaraq qalır.
“Yeni inşa ediləcək 2 girişli, 16 mərtəbəli binanın planı da hazırlanıb və yaxın vaxtlarda işlərə başlanacaq”
Nərimanov Rayon İcra Hakimiyyətindən bildirildi ki, sözügedən binaların sökülməsi ilə bağlı qərar var. Hətta yeni inşa ediləcək 2 girişli, 16 mərtəbəli binanın planı da hazırlanıb və yaxın vaxtlarda işlərə başlanacaq. Həmin sakinlərə yeni binalarda mənzillər veriləcək.
Günel CƏLİLOVA