Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən “Zəngilan şəhərciyi”nin sakinləri isti suyun verilməməsindən şikayətçidirlər. Sakinlərin sözlərinə görə, bir aydan çoxdur ki, yaşadıqlara binaya isti su verilmir. Səbəbsə illərdir yığılan borcdur.
Demək olar ki, şəhərcikdəki hər evə təxminən 300 manatdan 500 manatadək borc yazılıb. Vətəndaşlar isə bunu ödəməkdən imtina edirlər. Onu da qeyd edək ki, şəhərcikdə sayğac olmasına baxmayaraq, işləmir.
Sakinlər istəyirlər ki, digər kommunal ödənişlər kimi, sayğac nə yazsa, onu da ödəsinlər: “İstilik verilirdi, amma bir aydan çoxdur ki, isti su kəsilib.
Maraqlıdır, sayğac işləmədiyi halda, borc nəyə əsasən hesablanaraq yazılıb?
“Qanunvericiliyə görə, sayğac quraşdırılmayan və ya sayğac işləməyən mənzillərdə bir nəfər üçün aylıq isti su istehlakı norması 2 kubmetr həcmində müəyyən edilir”
"Azəristiliktəchizat" ASC-nin Abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev məsələ ilə bağlı bildirdi ki, mövcud qanunvericiliyə görə, sayğac quraşdırılmayan və ya sayğac işləməyən mənzillərdə bir nəfər üçün aylıq isti su istehlakı norması 2 kubmetr həcmində müəyyən edilir. Hazırda bəzi mənzillərdə bildirişlərdə borc məbləğinin çox olması 2017-ci ildən bu günə kimi həmin mənzillərdən heç bir ödənişin olmaması səbəbindən borcların toplanması ilə əlaqədardır.
R.Əliyev onu da vurğuladı ki, həmin mənzillərə yeni sayğacların quraşdırılması istiqamətində işlər görülür.
Günel CƏLİLOVA