AYB üzvü, tanınmış şairə, ədəbiyyat adamı Nəzakət Məmmədovanın təsisçiliyi və baş redaktorluğu ilə nəşr edilən “Yada düşdü” ədəbi-bədii, nostaljı jurnalı artıq ölkə sınırlarını aşaraq Türk dünyasının jurnalları, dərgiləri sırasında özünə yer almaqdadır. Bir çox beynəlxalq sərgilərdə, təqdimatlarda yer alan “Yada düşdü” dərgisi artıq Türk dünyasında çox yaxından izlənir, qəbul edilir və səbirsizliklə gözlənir. “Yada düşdü” jurnalı artıq 3 ilə yaxındır ki, Türk dünyası ədəbiyyat dərgiləri sırasında qərarlaşıb.
Jurnalın hər sayı bütün Türk dünyasına yayılır və özünə böyük uğur qazanır. Onu da bildirək ki, Avrasiya Yazarlar Birliyinin başkanı Yakub Öməroğlu Türkiyə telekanalı TRT-AVAZ-ın “Kültür Sanat” proqramında “Yada düşdü” jurnalının növbəti sayını Türk dünyasına xüsusi təqdim edib və “Yada düşdü” jurnalı haqqında, onun yolu, izi, yaradıcılıq üslubu, işıqlandırdığı mövzular barədə geniş məlumat verib. “Yada düşdü”nü Azərbaycan ədəbiyyatının lokomativ dərgisi adlandıran Y.Öməroğlu jurnalın təqdim edilən sayında yer alan maraqlı yazılardan bəhs edib.
Əslində, “Yada düşdü” jurnalının nəinki türk və islam, bütövlükdə dünya çapı üçün maraqlı olan cəhətləri çoxdur. Jurnalın yolu, nəfis tərtibatı, əhatəliliyi, ədəbi proseslərdə oynadığı rol digər mühitlər üçün də maraq doğurmaya bilməz. Ümid edirik ki, “Yada düşdü”nün sorağı başqa ölkələrdən də eşidiləcək.
İradə SARIYEVA