Bir müddət əvvəl Bakı şəhəri, Hacı Zeynalabdin Tağıyev və Tərlan Əlyarbəyov küçələrinin sakinləri adından redaksiyamıza məktubla müraciət edərək Fəvvarələr meydanında quraşdırılan köşklərin ərazidə yaşayan sakinlərin rahatlığını tamamilə pozduğunu bildirmiş, qəzetimiz vasitəsilə bu məsələni ictimailəşdirməyimizi xahiş etmişdilər.
Sakinlər, həmçinin, qəzetimiz vasitəsilə Azərbaycan Prezidenti Administrasiyasına və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlamışdılar.
Hacı Zeynalabdin Tağıyev və Tərlan Əlyarbəyov küçələrinin sakinləri adından Ağayeva Səriyyə Rza qızı redaksiyamıza teleqram vuraraq problemin həllinə yardımçı olduğumuz üçün təşəkkürünü bildirir: “Şəhərin Fəvvarələr meydanı öz görkəminə qayıtdı. Göstərilən ünvanda yaşayan sakinlər adından qəzetinizə təşəkkürümüzü bildiririk”.
Qeyd edək ki, S.Ağayeva redaksiyamıza BŞİH-dən sakinlərə ünvanlanan məktubun surətini də göndərib. BŞİH-nin sakinlərə göndərdiyi məktubda qeyd edilir ki, köşklərin ərazidən götürülməsi prosesi gedir və məsələ birbaşa qurumun nəzarətindədir.
İradə SARIYEVA