Vətəndaşların öz hesablarına çəkdirdikləri yolu "Azərsu" əməkdaşları yararsız hala salıblar. Söhbət Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən ərazisindən gedir. Sakinlər qeyd edirlər ki, ərazidə kanalizasiya xətti çəkən "Azərsu" nümayəndələri iş bitdikdən sonra yolu bərpa edəcəklərini desələr də, heç bir iş görülməyib. Hətta kanalizasiya xətlərinin çəkilişi də bəzi küçələrdə yarımçıq qalıb. Belə olan vəziyyətdə ətrafa pis qoxu yayılır.
Sakinlər onu da qeyd edirlər ki, yolun dağılması kanalizasiya xətti ilə bağlıdır. 2-ci mədən ərazisinə kanalizasiya xətti çəkilsə də, Elşən Mehdiyev küçəsində aparılan işlər yarımçıq qalıb. Nəticədə çirkli su onların evlərinin qarşısındakı bataqlığa, oradan isə Böyükşor gölünə tökülür.
“...2016 və 2018-ci illərin peyk görüntüləri çıxarıldı, həmin ərazidə asfalt örtüyünün olmadığı öz təsdiqini tapdı”
"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, məlum məsələ ilə bağlı problem bu dəfə peyk görüntülərinə əsasən araşdırılıb: “İnternet üzərindən 2016 və 2018-ci illərin peyk görüntüləri çıxarıldı. Həqiqətən də həmin ərazidə asfalt örtüyünün olmadığı öz təsdiqini tapdı. Sadəcə, 2 evin qarşısında öz vəsaitləri hesabına vurulmuş asfalt olub. Podratçı da bunu etiraf edir. Bu məsələ ilə bağlı podratçı şirkət vətəndaşlarla görüşəcək, ehtiyac yaranarsa, həmin 2 evin qarşısı asfaltlanar. Ancaq bütün küçənin asfalt olması tamamilə yanlışdır”.
Günel CƏLİLOVA