Həkimlər, yaxın məsafə istisna olmaqla, açıq havada maska taxılmasına birmənalı şəkildə qarşıdır. Həkim Vüqar Qurbanovun fikirincə, açıq havada maska məcburiyyətindənsə, maskadan düzgün istifadə daha əhəmiyyətlidir:
“Bu gün açıq havada maskanın taxılıb-taxılmaması müzakirə olunur. Biz həkimlər ilk gündən, yaxın məsafə istisna olmaqla, açıq havada maska taxılmasına birmənalı şəkildə qarşı olmuşuq. Bəzi insanlar həftələrlə eyni maskanı istifadə edir. Belə hallarda onun açıq və ya qapalı məkanda taxılmasının heç bir mənası yoxdur. Buna görə maskadan düzgün istifadə daha əhəmiyyətlidir”.
Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi məhdudiyyətlərlə əlaqədar 2020-ci il 15 martdan etibarən toy, nişan, ad günü kimi kütləvi mərasimlər keçirilməsinə qadağa qoyulub. Artıq bir ildən çoxdur ki, toy mərasimləri keçirilmir. Lakin son ayda ölkə əhalisinin sürətli şəkildə vaksinasiya olunması, eləcə də yoluxma statistikasındakı azalma Azərbaycanda toyların keçirilməsilə bağlı qərarın dəyişdirilməsinə ümidi artırır.
Bir çox gənclər, nişanlı cütlüklər toyların keçirilməsilə bağlı qərarın verilməsini gözləsələr də, digərləri pandemiyanın bitməsini gözləmədən artıq ailə arasında nikah mərasimi keçirir. Toyların keçirilməsi ilə bağlı tətbiq olunan qadağanın müəyyən şərtlərlə götürülməsi təklif olunur ki, bir çoxları bu təklifi dəstəkləyir.
Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, açıq havada toy mərasimləri keçirilməsi ilə bağlı qərar verilə bilər: “Yay mövsümünə girdiyimiz zaman açıq havada bəlli insan sayı məhdudiyyəti qoyulmaqla, eləcə də daha əvvəlki illərdə əslində mənfi olaraq qiymətləndirdiyimiz böyük şadlıq evlərinin olmasının bu dönəmdə gətirə biləcəyi avantajlardan faydalana bilərik. Bunlar da 500-600 nəfər tutumu olan şadlıq evlərində onun ortalama 4\1 həcmində 100-150 nəfərlik, insanlarla epidemioloji vəziyyətə uyğun məsafənin saxlanılması və bir çox amili nəzərə alaraq, toy mərasimlərinin keçirilməsilə əlaqədar qərarlar da verilə bilər”.
Bununla yanaşı, vətəndaşlar açıq havada idman zallarının qurulmasını da tələb edir. Bütün bu tələblərə baxmayaraq, Operativ Qərərgah nədənsə, bu qadağalarla bağlı qərar verməkdə gecikir.
Tibb üzrə fəlsəfə doktoru Leyla İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, pandemiya ilə bağlı qərarlarda uyğunsuzluq və məntiqsilzik var: “Bununla bağlı ən gözəl iki mesajı Prezident verdi. Şuşadakı “Xarıbülbül” festifalında hamıdan maskaları çıxarmalarını istədi. Ondan bir qədər əvvəl isə idman alətləri ilə publika qarşısında idman etdi. Bütün bunlar onu deməyə əsas verir ki, bəzi qadağaların götürülməsinin zamanı çatıb. Xüsusilə də isti havalarda açıq havada maska ilə gəzmək daha çətindir. Toy mərasimlərinin açıq havada keçirilməsilə də bağlı problem ola bilməz. Biz görürük ki, gündəlik 200-300 nəfər qəbul edən restoranlar canlı musiqi ilə açıq havada fəaliyyət göstərir. Bunun adını toy da qoymaq olar. Pandemiya qaydalarını gözləməklə açıq məkanda toyların və ya digər mərasimlərin keçirilməsi mümkündür. Mənə elə gəlir ki, bütün bu qadağaların aradan qaldırılması ilə bağlı qərar verilməlidir. İdmanla məşğul olmaq xəstəliklə mübarizə üçün önəmlidir, immuniteti artırır. Bunun da açıq havada təşkili mümkündür. Biz statistikada da irəliləyiş görürük. Çünki bununla bağlı ciddi addımlar atılıb. Xüsusilə də kütləvi peyvəndlənməinin prosesə təsiri olub. Yavaş-yavaş normal qaydalara adaptasiya edilməliyik”.
Məhəmmədəli QƏRİBLİ