Son zamanlar Bakıətrafı yaşayış məntəqələrindən bəzilərində, bölgələrdə, xüsusilə də bir sıra kəndlərdə su qıtlığının yaranması tez-tez gündəmə gətirilir. Çünki sözügedən məkanların su təsərrüfatlarının idarə edilməsində yaşanan problemlər həmişə ictimai narazılığa və narahatlığa rəvac verir.
Elə ərazilər var ki, orada illərdir su çəkilməyib. Həmin ərazilərin sakinləri də su problemini həll etmək üçün çarəni bulaqlar, çaylarda axtarıblar. Ancaq isti yay günlərində həmin bulaqlardan gələn suyun həcmi azaldığı üçün sakinlər çıxılmaz vəziyyətdə qalırlar.
Belə bir vəziyyətlə Siyəzən rayonunun Dağ Quşçu kəndi uzun illərdir üzə-üzə qalıb. Məlumat üçün bildirək ki, kəndin 600 sakini var. Onu da vurğulayaq ki, adıçəkilən kənd rayon mərkəzindən 20 kilometr aralıda yerləşir.
Uzun illərdir su təminatını həll etmək üçün sakinlər su bulaqlarından mədət umurlar. Gündəlik suya olan tələbatlarını ödəmək üçün bir ayda 7-8 dəfə, baha qiymətə avtomobillərlə uzaq məsafədən su almalı olurlar. Təbii ki, bu, sakinlərin büdcəsinə təsir edir.
“Problemin həlli ilə bağlı kənddə bir neçə yerdə subartezian quyusu qazılıb, amma həmin ərazilərdən su çıxmayıb”
Siyəzən rayonunun Dağ Quşçu kəndinin icra nümayəndəliyindən bildirildi ki, problemin həlli ilə bağlı kənddə bir neçə yerdə subartezian quyusu qazılıb, amma həmin ərazilərdən su çıxmayıb. Həmçinin, kəndin su problemi ilə bağlı aidiyyəti qurumlara da məlumat verilib: “Kəndin su ilə təminatı üçün layihə də hazırlanıb, lakin maliyyə vəsaiti olmadığı üçün iş görülməyib”.
Son olaraq qeyd edək ki, su problemi çox ciddi məsələdir və bununla ciddi məşğul olmaq lazımdır.
Günel CƏLİLOVA