Məlum olduğu ki, “Mərkəz Lahmacun” restoranının nöqsanlara görə fəaliyyəti məhdudlaşdırılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumatda qeyd olunur ki, agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 61A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hilalov Sərvər Sərdar oğluna məxsus “Mərkəz Lahmacun” restoranında yoxlama keçirilib.
Yoxlama zamanı müəssisədə texniki normative-hüquqi aktların tələblərinə, temperatur rejiminə və saxlanma şəraitinə əməl olunmadığı aşkar olunub. Eyni zamanda, işçilərin dövri tibbi müayinədən keçirilməsinə dair sənədlər yoxlamaya təqdim edilməyib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Qeyd edək ki, AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.
Onu da bildirək ki, əhalinin sağlamlığını qorumaq məqsədilə AQTA mütəmadi olaraq iaşə obyektlərində reydlər keçirir. Sanitar qaydalara əməl etməyən obyektlərin fəaliyyəti ilə bağlı müəyyən qaydalar tətbiq olunur. Bir qisminin fəaliyyəti dayandırılır, bəzilərinə isə cərimələr tətbiq edilir.
Maraqlıdır, sanitar qaydalara əməl etməyən bütün obyektlərin fəaliyyəti dayandırılırmı?
“Agentliyin reyestrinə daxil olmayan, antisanitar şəraitdə fəaliyyət göstərən obyektlər cərimələnməli və ya fəaliyyəti müvəqqəti dayandırılmalıdır”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, qida zəncirində iştirak edən hər bir subyekt Qida Təhlükəsizliyi Agentliyində reyestrə daxil olmalıdır: “Reyestrə daxil olan subyektlərlə AQTA müəyyən maarifləndirmə işi aparır. Onların işinin standartlara uyğun formada həyata keçirilməsinə nəzarət edir. Lakin agentliyin reyestrinə daxil olmayan, antisanitar şəraitdə fəaliyyət göstərən obyektlər cərimələnməli və ya fəaliyyəti müvəqqəti dayandırılmalıdır. Obyektin birdəfəlik fəaliyyətinin dayandırılmasının tərəfdarı deyiləm. Onu da deyim ki, agentlik elə bir iş aparmalıdır ki, qida zəncirində iştirak edən hər bir subyekt AQTA-nın nəzarəti altında olsun. Təəssüf ki, bu hədəflərə çatmaq üçün hələ xeyli yol getmək lazımdır. Hesab edirəm ki, yaxın iki il ərzində bu tip məsələlər öz həllini tapacaq”.
Günel CƏLİLOVA