Son günlər Hərbi Qənimətlər Parkı ilə bağlı müəyyən xoşagəlməz söz-söhbətlər, iddialar gündəmə gətirilir. Sosial şəbəkələrdə, teleqram kanallarında yayılan iddialara görə, Hərbi Qənimətlər Parkından əldə edilən gəlir “Yaşat” Fonduna köçürülmür. Məlumatlara görə, parkdan gələn gəlirin “Yaşat” Fonduna yönəldilməsi, köçürülməsi nəzərdə tutulub.
Onu da bildirək ki, Hərbi Qənimətlər Parkı qısa müddətdir açılmasına baxmayaraq, kütləvi seyrçi marağını özünə cəlb edə bilib.
Elnur Niftəliyev: “Parkın əldə etdiyi gəliri hara yönəldəcəyini onların özlərindən soruşun”
Səsləndirilən iddia ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) ilə əlaqə saxladıq. Agentliyin mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev “Bakı-Xəbər”ə bildirdi ki, Hərbi Qənimətlər Parkından əldə edilən gəlirin “Yaşat” Fonduna köçürülməli olması barədə onda heç bir məlumat yoxdur: “Hərbi Qənimətlər Parkının əldə etdiyi gəlirin “Yaşat” Fonduna köçürülməli olduğu haqda bizdə hər hansı bir məlumat yoxdur. Parkın əldə etdiyi gəliri hara yönəldəcəyini onların özlərindən soruşun”.
Qeyd edək ki, park yaradılarkən mətbuatda gedən məlumatlara görə, Hərbi Qənimətlər Parkından toplanan vəsaitin “Yaşat” Fonduna köçürülməsi nəzərdə tutulurdu.
Hərbi Qənimətlər Parkının mətbuat əlaqələndiricisi Leyla xanım bildirdi ki, bu barədə hər hansı bir fikir bildirmək onun səlahiyyətində deyil, iddialara yalnız parkın rəhbərliyi cavab verə bilər. Amma rəhbərliklə də bizim aramızda hər hansı bir əlaqə yaratmadı.
Səslənən iddialara Hərbi Qənimətlər Parkının mövqeyini öyrənə bilmədik…
Son günlər Hərbi Qənimətlər Parkı ətrafında gəzən söhbətlərin, iddiaların nə dərəcədə əsaslı olub-olmadığını öyrənmək üçün qurumdan heç bir cavab ala bilmədik. Ona görə də sosial şəbəkələrdə yayılan iddialara aydınlıq gətirmək cəhdlərimiz alınmadı. Parkın telefon nömrəsi kimi təqdim edilən (012) 4981214 nömrədən isə bizə cavab verən olmadı.
Qeyd edək ki, Hərbi Qənimətlər Parkı 12 aprel 2021-ci ildə açılıb. Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbəyə həsr olunan park Dənizkənarı Milli Parkda yerləşir.
Parkda Ermənistan silahlı qüvvələrinə məxsus olduğu bildirilən, Rusiya istehsallı tank, "Qrad" qurğuları, top, digər müharibə texnika və silahları nümayiş etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin "Qələbə" tvitləri, aparıcı media qurumlarına müsahibələri, xalqa müraciətlərindən ibarət hissələr parkın ərazisindəki videozalda nümayiş etdirilir.
Parkın mühəndis-maneələr sistemini ehtiva edən ərazisində 5 metr enində, 3-4 metr dərinlikdə qazılan tank əleyhinə xəndək, mina sahəsi, tank əleyhinə beton dirəklər və metal kirpilər, alçaq dirəklər üzərində tikanlı məftildən tor, hündür dirəklərdə məftilli tor, piyada əleyhinə mina sahəsi, az nəzərə çarpan və üçcərgəli lent tipli məftil maneələri, həmçinin, səngər üzərində lent tipli məftil maneələr nümayiş olunur. Bu maneələr sistemi Füzuli, Cəbrayıl, Ağdam, Tərtər və Goranboy istiqamətlərində Azərbaycan Silahlı Qüvvələri bölmələrinin dəf etməli olduğu mühəndis sistemlərindən idi.
Parkda döyüş postu və əsgər kazarması yerləşir. Kazarmanın yanında şəxsi heyətin artilleriya və hava hücumundan qorunması üçün zavod üsulu ilə hazırlanmış sığınacaqlar, döyüş mövqeyində atıcı, pulemyotçu, qumbaraatan səngərləri, uzunmüddətli atəş nöqtələri yerləşir.
Parkda müharibədə həlak olan yüzlərlə erməni əsgərinin dəbilqələri və Ermənistan qoşunlarının mum manikenləri nümayiş etdirilir.
İradə SARIYEVA