Lerik rayonunun Andurma kənd sakini, ikinci qrup əlil Köçəriyev İdris Balaxan oğlu qəzetimizə şikayət edərək aldığı müavinətin iki aydır verilməməsini bildirdi.
Onun sözlərinə görə, ortada ciddi əsas olmadan iki aydır müavinəti kəsilib: “Bunu onunla əsaslandırırlar ki, təkrar müalicəyə ehtiyacım var. Guya ki, təkrar müalicə olunsam sağalaram. Mən neçə ildir poleartirid xəstəliyindən əziyyət çəkirəm. Bu xəstəliyə elmdə hələ çarə tapılmayıb. Xəstəliklə əlaqədar olaraq 2014-cü ildən ikinci qrup əlil olaraq müavinət alıram. O vaxtdan hərəkət imkanlarım xeyli məhduddur, görmə qabiliyyətim çox aşağıdır. Təkrar müalicə ilə sağalmaq imkanım, ümumiyyətlə, yoxdur. Üstəlik, maddi vəziyyətim də yenidən müalicə olunmağa əl vermir. Neçə ildir Maştağa qəsəbəsinin Daş Karxanası massivində kirayədə yaşayıram. İki oğlum var. Hər ikisi işləsə də, bir təhər dolanırıq. İndi müavinəti kəsiblər, o zaman kirayə pulunu necə ödəyim? Dərmanları nə ilə alım?”.
Vidadi ORDAHALLI