“Kontakt Home” şirkəti 470 manat kredit borcuna görə 44 günlük müharibədə ağır yaralanmış Cavid Aşirovu məhkəməyə verib. Bu məlumatı "Qarabağ Qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu ictimailəşdirib.
R.Kərimoğlu qeyd edib ki, bu, anlaşılmazlıq şəraitində baş verib: “İnanıram ki, "Kontakt Home"un rəhbərliyi bilsə, 470 manata görə qazini incitməyə razı olmaz! Hələ heç əlillik dərəcəsi verilməyib qazimizə!”
“Kontakt Home” mağazalar şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Vəfa Rüstəmova məsələ ilə bağlı bildirdi ki, “Kontakt Home” hərbi əməliyyatlar dövründə müvafiq sənədlər əsasında cəbhədə iştirak edən müştərilərin borclarını dondurub. Hərbi əməliyyatlar bitdikdən sonra isə müvafiq güzəştlər tətbiq olunub: “Cavid bəyin də ödənişlərini dondurmuşduq, lakin təəssüf ki, bizə sənəd təqdim etmədiyi üçün güzəşt müddətini uzada bilməmişik”.
V.Rüstəmova onu da əlavə etdi ki, R.Kərimoğlunun paylaşdığı sənəd əsasında Cavid Aşirovun məlumatları yoxlanılıb, 4 ay uzadılma edilib və müharibə dövründə hesablanmış gecikmə məbləği və gecikmə günləri ləğv edilib: “Müştərinin işi hazırda məhkəmədə deyil, çoxsaylı gecikmələr səbəbilə hüquq-kollektor agentliyindədir. İnşallah, Cavid bəy tezliklə sağlığına qovuşar, lakin ona əlillik dərəcəsi təyin edilsə, bu haqda bizə sənəd təqdim etdiyi halda, 1-ci və ya 2-ci dəcərəli əlillik səbəbilə adındakı bütün borcu silinəcək. Əlavə qeyd edim ki, ötən il pandemiya dövründə Müştəri Qayğı Proqramı çərçivəsində Cavid bəyə ödənişlərində 5 ay uzadılma tətbiq etmişik. Hərbi əməliyyatlarla bağlı güzəştlə birlikdə, ümumilikdə, 9 ay uzadılma olub”.
Günel CƏLİLOVA