Nizami rayonunda 144 ailənin yaşadığı binadan hər an hər kəsin başına daş düşə bilər...

img

Paytaxt ərazisində çoxlu sayda istismar müddəti bitmiş bina var. Həmin binalar isə əsl təhlükə mənbəyidir. Belə ki, binanın üst qatından qopan daşlar yerə tökülərək həm insanlara təhlükə yaradır, həm də binada olan əşyalara.

Son zamanlar istismar müddəti bitmiş binalardan daş tökülməsi faktı artıb. Bu günlərdə Nizami rayonu, Elşən Süleymanov küçəsi 148 ünvanında yerləşən binanın fasadından qopub düşən daş parçaları vətəndaşlardan birinin kondisionerini yarasız hala salıb, çanaq anteni isə tamamilə qırılıb. Başqa bir daş parçası isə antenlərdən birinin dəmirinə ilişərək qalıb. Növbəti bənzər hadisənin baş verməsi isə an məsələsidir.

Məlumat üçün bildirək ki, Sovet dövründə fəaliyyət göstərmiş Bakı Şin Zavodunun 4 nömrəli yataqxana binası 1982-ci ildən istifadəyə verilib. O zamandan bəri binada heç bir təmir-bərpa işləri aparılmayıb. Orada məskunlaşmış 144 ailə problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edib, amma nəticəsi olmayıb.

  • Mənzil-Kommunal Təsərrüfatı Birliyi - Emin Talıbov: “Problemdən xəbərdarıq və binaya baxış keçirmişik”

Onu da qeyd edək ki, bina hazırda Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Birliyin rəisi Emin Talıbov qeyd etdi ki, problemdən xəbərdardırlar və binaya baxış keçiriblər.

  • Bakı Şəhər İcra Hakimiyyəti - İsrafil Kərimov: “Bina artıq istismar müddətini başa vurub və hazırda kəskin qəzalı vəziyyətdədir”

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirinin müavini İsrafil Kərimov bildirdi ki, sözügedən bina artıq istismar müddətini başa vurub və hazırda kəskin qəzalı vəziyyətdədir. Sakinlər yalnız Nazirlər Kabinetinin qərarı ilə oradan tam olaraq köçürülə bilərlər.

  • Elnur Fərzəliyev: “Hazırda üzlük daşlarının qopmasına köhnə binalarda rast gəlinir”

Əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev bildirdi ki, Bakıda "Xruşovka", "fransız" layihəli və arxitektur layihəli binalarda bu təhlükə mövcuddur: “80 və 100 il bundan öncə inşa olunan, istismar müddəti başa çatan binaların çoxu qəzalı vəziyyətdədir. Paytaxtda köhnədən qalan binalar var ki, inşa olunduğu vaxt divarı daş plitələrlə üzlənib. Həmin üzlük daşların altındakı sementin istismar müddəti başa çatdıqda sement ovulur, daşlar qopur. Bu isə insanların həyatı üçün təhlükə yaradır".

Həmsöhbətimiz hesab edir ki, bina qəzalı vəziyyətdədirsə, sökülməli, qəzalı vəziyyətdə deyilsə, üzlüyü sökülüb boyanmalıdır: “Binanı inşa edən tikinti şirkətləri hörgünü kərpiclə hörüb binanı aqlay daşla üzləyirlər. Aqlay daşla üzləmək binanın xərcini, oradakı mənzillərin qiymətini də bahalaşdırır. Daş üzlük üçün xərclənən vəsaitlə binanı dəfələrlə boyamaq olar. Ancaq nəzərə alınmalıdır ki, gələcəkdə bu binalar da təhlükə mənbəyinə çevriləcək".

E.Fərzəliyev onu da əlavə etdi ki, hazırda üzlük daşlarının qopmasına köhnə binalarda rast gəlinir: “Bu gün banklar belə bu cür mənzillərə kredit ayırmırlar. Banklardan ipoteka ilə mənzil almaq istəyən şəxslərin qarşısında şərt  qoyulur ki, binanın yaşı 50-ni ötməməlidir. Banklar yaşı 70-i keçmiş binalara ipoteka krediti ayırmırlar. Ona görə  də ən yaxşı variant bu cür binaların sökülməsidir".

Günel CƏLİLOVA

Son xəbərlər