Bakı Hava Limanında itlərin güllələnməsi görüntüləri barədə bilmədiyimiz həqiqətlər varmı...

Bir neçə gün əvvəl sosial şəbəkələrdə Bakı Hava Limanı ərazisində itlərin güllələndiyini əks etdirən görüntülər yayılıb. Videoda silahlı şəxsin itləri açıq-aşkar güllələməsi görünür.
Maraqlıdır, ictimai yerdə, insanların sıx toplaşdığı məkanda itlərin və ya hər hansı heyvanın açıq şəkildə güllələnməsi nə dərəcədə düzgündür?
- Bakı Hava Limanı: “...xidməti araşdırma aparılır”
Məsələ ilə bağlı Bakı Hava Limanından bildirildi ki, aerovağzal ərazisində heyvanlara qarşı qəddar davranışla bağlı sosial şəbəkələrdə videoyazının yayımlanması faktı üzrə xidməti araşdırma aparılır: “Araşdırmanın nəticələrinə əsasən bu hadisədə iştirak edən bütün şəxslər ciddi şəkildə cəzalandırılacaq. İctimaiyyətə araşdırmanın yekunlarına dair əlavə məlumat veriləcək”.
- Mənsurə Rəsulzadə: “Azərbaycan cəmiyyətində heyvanlara münasibət istiqamətində maarifləndirmə ilə bağlı ciddi problem var”
“Alyans” Canlı Aləmin Mühafizəsi İctimai Birliyinin həmtəsisçisi və sədr müavini Mənsurə Rəsulzadə bildirdi ki, Azərbaycan cəmiyyətində heyvanlara münasibət istiqamətində maarifləndirmə ilə bağlı ciddi problem var: “Biz ailələrə uşaqlar vasitəsilə çata bilirik. Buna görə də hər bir məktəbli təbiətə münasibət, heyvanlarla davranış istiqamətində maarifləndirilməlidir. Aldığı etik maariflənmə sayəsində ailəsində özündən böyüklərə, hətta valideynlərinə də təsir edə, onları da dəyişə bilər. Eyni zamanda, unutmamalıyıq ki, uşaqlar gələcəyimizin qurucularıdırlar”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, yerli mediada heyvanlara münasibət, davranışla bağlı materiallar yetərli səviyyədə deyil: “Heyvanlara mərhəmətlə bağlı yerli mediada, demək olar ki, fikirlər getmir. Bu baxımdan yerli media əvvəllər daha aktiv idi. İndi heyvansevərlər səslərini sosial şəbəkə vasitəsilə çatdırırlar. Son vaxtlar sanki heyvanlara qarşı qəddar insanların dövlət qurumlarında özlərinə vəzifə tapıb yer tutmasından sonra qoyduqları qadağaların təsiridir ki, yerli media heyvanlara mərhəmət, heyvansevərlərlə bağlı, demək olar ki, material vermir. Bu, yanlış əməldir. Ola bilsin ki, bu qadağaları qoyan şəxslər övladları üçün sivil ölkədə yaşayışı təmin edib, amma digər insanların taleyini düşünmürlər”.
Günel CƏLİLOVA