Hərbi Qənimətlər Parkında şəhid ailəsindən pul alınıb?

Şəhid Fariz Həsənovun həyat yoldaşı Səkinə Həsənova: “...bizi kassaya doğru yönləndirdilər və kassaya 4 manat ödədim”

img

Şəhid Fariz Həsənovun həyat yoldaşı Səkinə Həsənovanın sosial şəbəkədə paylaşdığı status geniş ictimai müzakirəyə səbəb olub.

Şəhidin həyat yoldaşı Hərbi Qənimətlər Parkında qarşılaşdığı vəziyyətlə bağlı yazıb: “İndiyədək heç bir şikayət xarakterli status paylaşmamışdım. Amma bu günlərdə qarşılaşdığım situasiya məni buna vadar etdi. Belə ki, Ramazan bayramında istədim uşaqları Hərbi Qənimətlər Parkına aparım. O da bəllidir ki, şəhid ailələri üçün bayramın “b” hərfi belə yaddır. Mənim üçün bayram övladlarıma atasının qanı bahasına alınmış qənimətləri və şərəfsiz erməni mənfurlarının boş qalmış papaqlarını göstərib qürur hissi duymaq idi...

Hərbi Qənimətlər Parkına yaxınlaşanda növbənin hədsiz çox olduğunu gördüm. Bir az gözlədik, sonra gördüm ki, uşaqla gözləmək mümkün deyil, nəzarətçi oğlana yaxınlaşdım və şəhid ailəsi olduğumu bildirdim. Sağ olsun, əvvəlcə başsağlığı verdi, sənədimin olduğunu soruşdu, mən də şəhid ailəsi olduğumu göstərən vəsiqəni verdim və bizi növbəsiz keçirdilər. Kassanın yanında da bir oğlan dayanmışdı, neçə nəfər olduğumuzu və uşaqların yaşını soruşdu. Ona nəzarətçinin şəhid ailəsi olduğumuzu bildirməsinə baxmayaraq, bizi kassaya doğru yönləndirdi. Heç nə demədim, çünki mahiyyəti bir şey olmayan, “əl çirki” olan pula görə şəhidimin adından istifadə edəsi deyildim. Amma bildiriş verilmişdi ki, şəhid ailəsiyik. Kassaya 4 manat ödədim, uşaqlara ödəniş düşmürdü. Və keçdik atamızın qanı bahasına alınmış  qənimətlərə baxmağa”.

Məlumat üçün bildirək ki, Hərbi Qənimətlər Parkına giriş vətəndaşlar üçün 2 manatdır. Onu da bildirək ki, məkana giriş 6 yaşadək uşaqlar, şəhid ailələri və qazilər üçün pulsuzdur.

  • “ASAN xidmət - Elnur Niftəliyev: “Qazi və şəhid ailələrindən pul alınması yolverilməzdir və utancverici haldır”

“ASAN xidmət”in mətbuat katibi Elnur Niftəliyev bildirdi ki, Hərbi Qənimətlər Parkında qazi və şəhid ailələrindən pul alınması yolverilməzdir və utancverici haldır: “Birincisi, elə bir hadisənin olması, şəhid ailələrinə və ya qazilərə biletlərin satılması yolverilməzdir. O qənimətlər şəhidin sayəsində ora gətirilib. Kimsə pul alıbsa, bu utancvericidir”.

Günel CƏLİLOVA

Son xəbərlər